Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında mübarizə aparacaq. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, artıq yarışın 2021-ci il
mövsümünün püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə komandamız A qrupunda yer alıb. Yığmamız İspaniya, Fransa və Rumıniya ilə mübarizə aparacaq. Qrup oyunlarının I dövrəsinə gələn il mayın 28-30-da Rumıniya, II dövrəsinə iyunun 4-6-da Fransa ev sahibliyi edəcək.
Yarışda B qrupunda Bolqarıstan, Ukrayna, Slovakiya, Finlandiya, C qrupunda isə Xorvatiya, Belarus, Macarıstan və Çexiya qüvvəsini sınayacaq.
Reqlamentə əsasən, qrup qalibləri “Dördlər finalı”na yüksələcək. Onlara həlledici mərhələdə ev sahibi Bolqarıstan da rəqib olacaq. Yarımfinal və final matçları iyunun 18-20-nə təsadüf edəcək. Əgər bolqarlar birinci yerin sahibi kimi mərhələ adlayarsa, ən yaxşı ikinci pillənin sahibi onlara qoşulacaq. Qızıl Avropa Liqasının finalçıları isə gələn il keçiriləcək FİVB Çelenc Kubokundan iştirak hüququna yiyələnəcək.
Qeyd edək ki, 2020-ci ildə turnir koronavirus pandemiyası üzündən ləğv olunub. 2019-cu ildə Qızıl Avropa Liqasında çıxış edən qadınlardan ibarət komandamız İspaniya, Belarus və Fransa ilə eyni qrupda 6 matçın hamısında uduzaraq sonuncu yeri tutub. Kişilərdən ibarət yığmamız isə 2019-cu ildə Gümüş Liqada Rumıniya, Danimarka və Gürcüstanla mübarizədə qrup üçüncüsü olub.