Cari ilin sonunda AFFA-nın Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla olan müqaviləsi başa çatacaq. Bununla bağlı yerli mətbuatda müəyyən fikirlər yer alır: Görəsən, Berti Foqts vəzifəsindən gedəcək, ya qalacaq?! AFFA bununla bağlı qərar verməyə hələ tələsmir. Çünki almaniyalı mütəxəssisin millimizdə baş məşqçi kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 3 rəsmi oyunu qalıb. Komandamız səfərdə İsrail, doğma azarkeşlər önündə isə Şimali İrlandiya və Rusiya yığmaları ilə münasibətlərinə aydınlıq gətirəcək. Şübhəsiz ki, bu oyunlarda qazanılacaq nəticələr Berti Foqtsun millidəki fəaliyyətinə də birbaşa təsir göstərəcək. İlin sonunda seçmə mərhələdə əldə edilən nəticələr təhlil olunacaq və AFFA İcraiyyə Komitəsinə (İK) hesabat veriləcək. İK isə hər şeyi müzakirə etdikdən sonra yekun qərar verəcək. Bu məsələ ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmək qərarına gəldik. O, namizədlərlə bağlı fəaliyyətlərinin davam etdiyini vurğuladı. Bundan başqa, baş katib "Qarabağ” klubunun avrokuboklarda uğurlu çıxışına inandığını qeyd etdi.
- Elxan müəllim, milli komandamızın baş məşqçisi Berti Foqtsun yerinə namizədlər siyahısı artıq hazırdırmı, yoxsa hələ axtarışdasınız?
- Son 4 ildə, demək olar ki, hər ay namizədlər müraciət edirlər. Bunlar müxtəlif məşqçilərdir, xaricdən daha çox müraciətlər gəlir. Ancaq biz bu müraciətlərə hələ baxmırıq. Bildiyiniz kimi, Berti Foqtsun müqaviləsi ilin sonunda başa çatır. Ondan sonra İcraiyyə Komitəsinə hesabat veriləcək və buna uyğun olaraq müvafiq qərar qəbul olunacaq.
- Nazim Süleymanov millinin məşqçisidir. O, yığmanın məşqlərində də çox fəal görünür. Sanki indidən komandanı əlinə almaq istəyir. Ola bilərmi ki, B. Foqtsun yerinə milliyə Nazim Süleymanov gəlsin?
- Yox. Nazim Süleymanov Foqtsun köməkçisidir. Çox təcrübəli futbolçu olub və Premyer Liqamızda tanınmış, yaxşı nəticə göstərən bir məşqçidir. Foqts ona tam inanır və nəticədə, Nazim Süleymanov bəzi məşq proseslərində belə fəal iştirak edir. Gələcəkdə də belə olacaq.
- UEFA Avropa Liqasındakı yeganə təmsilçimiz "Qarabağ” qrup mərhələsinə vəsiqə qazanmağın bir addımlığındadır. Sizcə, hansı nəticəyə ümid etmək olar?
- "Qarabağ”ın son oyunları bizi çox sevindirdi. Bu, o biri futbolçulara da böyük motivasiya verir. Məhz buna görə, hesab edirəm ki, hazırda komandada ruh yüksəkliyi daha yaxşıdır. Çünki "Qarabağ” artıq UEFA Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb. Onlara uğurlar arzulayıram. Hesab edirəm ki, "Qarabağ”, ümumiyyətlə, Azərbaycan futbol tarixində klublar arasında ən gözəl futbol nümayiş etdirir. Bu da baş məşqçinin səmərəli işlədiyini göstərir. Klub rəhbərliyinin illərlə gördüyü işin nəticəsidir ki, "Qarabağ” belə gözəl oyun nümayiş etdirir. Ümid edirik ki, komandamız Almaniya Bundesliqasında 6-cı yeri tutan "Ayntraxt”la oyunda inamlı çıxış edərək, bizi sevindirəcək.
- "Qarabağ”ın baş məşqçisindən söz düşmüşkən, Qurban Qurbanov millinin gələcəkdə çalışdırmağa əsas namizəd sayılır. Bu variantı nə dərəcədə real sayırsınız?
- Təbii ki, Berti Foqtsun müqaviləsi başa çatanda bütün namizədlərə baxılacaq. Hazırda Qurban Qurbanov variantı haqda fikir demək istəməzdim. Çünki bu, düzgün olmazdı.
- 2009-cu ildə İspaniya yığmasından sonra Azərbaycana yoldaşlıq görüşü keçirməyə dünya "nəhəngi” gəlməyib. Siz də dəfələrlə demisiniz ki, belə oyunların təşkil olması üçün 1-2 il əvvəldən müraciət etmək lazımdır. O gündən bu yana heç bir federasiyaya müraciət etməmisiniz?
- Bu, ilk növbədə, püşkatmadan asılıdır. İlk mərhələdə püşkün nəticəsini gözləyirik və bundan sonra rəqiblərlə danışıqlara başlayırıq. Hazırda 3 rəsmi oyunumuz qalıb. Bildiyiniz kimi, gələn il Avropa çempionatının seçmə mərhələsinin püşkatması olacaq. Ona görə də, indi danışıqlar aparmaq düzgün deyil. Çünki elə ola bilər ki, rəqiblə bir qrupa düşək. Püşkdən sonra müvafiq qaydada danışıqlara başlayacağıq. Təbii ki, gələn il dünya "nəhənglərindən” birinin Azərbaycana gəlməsi planlaşdırılır.
- Yığmamızın DÇ-2014-ün seçmə mərhələsində hansı yerdə qərarlaşmasını daha real sayırsınız?
- Təbii ki, indiki halda 4-cü yerdə qalmaq yaxşı olardı. Bu, minimum hədəfdir.
Rahib Səmədov