Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin rəhbərliyi ilə iclas keçirilib. İclasda yığma komandaların baş məşqçiləri iştirak edib və qarşıdakı planlar müzakirə edilib.
Maraqlıdır ki, federasiya rəhbərliyi həmin iclasa qurumun vitse-prezidenti Firdovsi Umudovu yenə dəvət etməyib.
Artıq ikinci dəfə bu cür hadisə baş verir. Belə ki, bir müddət əvvəl milli komandaya baş məşqçi təyin olunması ilə bağlı baş tutan təqdimat toplantısına da F.Umudov dəvət olunmamışdı.
Hər iki toplantıda həm federasiyanın rəhbəri, həm baş katib, həm də qrumun digər məsul şəxsləri iştirak ediblər.
Azərbaycan güləş yığmasında kifayət qədər uğurlar qazanan mütəxəssis və hazırda güləş federasiyasında vitse-prezident olan F.Umudovun tədbirə dəvət almaması suallar ortaya çıxarıb.
Azərbaycan Güləş Federasiyası məsələ ilə bağlı belə açıqlama verib: “Bu iclasda vitse-prezidentlərin iştirakı nəzərdə tutulmamışdı. Sadəcə həmin vaxt digər vitse-prezident Elçin Cəfərov federasiyada olduğu üçün tədbirdə iştirak etdi”.
Firdovsi Umudov məsələ barədə heç bir açıqlama vermək istəmədiyini, iclasdan xəbərsiz olduğunu və gələcəkdə bu haqda geniş danışacağını bildirdi: “Mənə bu tədbirlər barədə heç bir məlumat verilməyib”.
Qeyd edək ki, yığma komandaların baş məşqçilərinin iştirak etdiyi görüşdə əvvəlcə dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunun nəticələri müzakirə olunub və baş məşqçilərin hesabatı dinlənilib. Daha sonra 2021-ci ilin təqvim planında yer alan təlim-məşq toplanışları, yarışlar, o cümlədən Avropa və Dünya Olimpiya Təsnifat turnirlərinə hazırlıq prosesləri geniş müzakirə olunub. Təqvim planı ilə bağlı təkliflərini səsləndirən və tapşırıqlarını verən AGF-nin prezident əvəzi Namiq Əliyev lisenziya yarışlarına maksimum səviyyədə hazırlıq üçün bütün zəruri tədbirlərin görüləcəyini və lazım olan şəraitin yaradılacağını bildirib.