Cari mövsüm Topaz Premyer Liqasının 3 turu geridə qaldı. Ötən mövsüm çempionatın bürünc medallarını qazanan "İnter” hələ də qələbəyə həsrətdir. "Bankçılar” son turda AZAL komandasına məğlub oldu. Oyundan sonra "İnter” klubunun müdafiəçisi İvan Alexandro Benites "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. İspaniyalı futbolçu "İnter”ə gəlişi barəsində danışdı və yerli çempionatın səviyyəsini dəyərləndirdi.
- "İnter” klubuna transferin necə alındı?
- Ötən mövsümün başa çatmasından sonra şəraiti dəyişmək istədim. Sonra "İnter”dən təklim aldım və həvəslə qəbul etdim. Etiraf edim ki, "İnter” karyeramda yeni mərhələdir və komandanın uğuru üçün bütün gücümü sərf etməyə çalışacağam.
- Bakıya gəlməmişdən öncə Azərbaycan futbolu haqqında hansı məlumatlara malik idiniz?
- Səmimi desəm, bu ölkəyə gəlməmişdən əvvəl Azərbaycan çempionatı barədə məlumata malik deyildim. Ancaq Kipr çempionatında oynamış və hazırda "Bakı”nın ispaniyalı futbolçusu Mario Martinez Rubio bu məsələdə mənə çox kömək etdi. O dedi ki, burada bir çox güclü komandalar var və yerli çempionat kifayət qədər yaxşı səviyyədədir.
- Azərbaycanda yeni mövsümə bir neçə həftə əvvəl start verilib. Ötən müddət ərzində çempionat sizdə hansı təəssüratları oyatdı?
- Biz iki güclü komanda ilə iki qarşılaşma keçirdik. Təəssüflər olsun ki, bu matçlarda yaxşı nəticə əldə edə bilmədik. Bütün komandalar yalnız uğura köklənib, çempionat böyük rəqabətə malikdir. Bizə bu mövsüm asan olmayacaq, ancaq var gücümüzlə məşq edəcəyik. Düşünürəm ki, bizim səylərimiz bəhrəsini verəcək.
- Yəqin qohumlarınız və dostlarınız sizdən Azərbaycan haqqında soruşurlar. Maraqlıdır, bizim ölkəni necə təsvir edirsiniz?
- Dedim ki, burada hər şey xoşuma gəlir. Etiraf edirəm, mənə elə gəlir ki, burada artıq çoxdandır yaşayıram. Bakı çox gözəl şəhərdir, buralar çox maraqlıdır. Ailəm və dostlarım mənə görə çox şaddırlar.
- Növbəti turda komandanız AZAL klubu ilə qarşılaşdı. 3-cü dəfə meydanı məğlub tərk etdiniz...
- Bugünlərdə komanda ilə birlikdə rəqibimizin qalib gəldiyi AZAL-"Bakı” matçını seyr etdik. Etiraf edim ki, AZAL məndə yaxşı təəssürat oyatmışdı. Oyundan əvvəl düşünürdüm ki, onlar bizə çətinliklər yaratmaq istəyəcəklər və biz buna hazır olmalıyıq. "İnter” hər matçda meydana qalib gəlmək məqsədi ilə çıxır. AZAL-la oyunda qələbə qazanmaq istəyirdik. Lakin məğlub olduq. Növbəti turlarda çempionatda ilk üç xalımızı qazanmağa çalışacağıq.