Şahmat üzrə “Grand Chess Tour” seriyasının təqvimi və iştirakçılarının siyahısı müəyyənləşib. FİDE-nin açıqladığı siyahıya görə, seriya çərçivəsində 5 turnir keçiriləcək. Belə ki, iyun ayında təşkil ediləcək (iyunun 3-15-də) birinci turnirə Buxarest, ikinci yarışa (iyunun 16-23-də) Paris ev sahibliyi edəcək. Üçüncü turnir iyulun 5-12-də Zaqrebdə keçiriləcək. Sonuncu iki yarış ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində avqustun 9-16-da və 16-28-də təşkil olunacaq. FİDE beş turniri əhatə edəcək turda 10 qrosmeysterin çıxış edəcəyini açıqlayıb. Yarış iştirakçıları arasında Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov (2770) və Teymur Rəcəbov (2765) da var. ABŞ və Rusiya komandaları da yarışda iki idmançı ilə təmsil olunacaq. Fabiano Karuana (2823) və Uesli So (2770) şimali amerikalıları, Yan Nepomnyaşi (2789) və Aleksandr Qrişuk (2777) Rusiyanı təmsil edəcək. Yarışda Maksim Vaşye-Laqrav (Fransa, 2784), Dinq Liren (Çin, 2791), Aniş Qiri (Niderland, 2764) və son turnirlərdə Teymur Rəcəbovun “qapazaltı”sına çevrilən Levon Aronyan (Ermənistan, 2781) da mübarizə aparacaq. Şahmat turu həm klassik, həm də rapid və blitsi əhatə edəcək. Turnirin mükafat fondu 1 milyon 275 min dollar təşkil edir.
Qrossmeysterlərimiz “Grand Chess Tour”da iştirak edəcəklər