Formula 1-də yaxın gələcəkdə yeni dəyişikliklər gözlənilir. Növbəti ildən reqlament dəyişikliyi çempionatda qüvvələr nisbətini dəyişə bilər. Bu həm yeni komandaların, həm də mühərrik istehsalçılarının səhnəyə çıxmasına şərait yaradacaq. Bu, həmçinin pilotların yerdəyişməsinə də səbəb olacaq.
Növbəti mövsüm Formula 1-də yeni komanda debüt edə bilər. Nüfuzlu avtoidman portallarının məlumatına görə, “Monaco İncrase Managment” şirkətinin yaradıcısı olan biznesmen Salvadore Qandolfo belə bir planla çıxış edib. Formula 2-də çıxış edən “Kampos” komandasının resursları əsasında yaradılacaq bu komanda “Monako Reysinq” adını daşıyacaq. Mətbuata açıqlama verən Qandolfo belə bir fikrə Formula 1-in rəhbəri Stefano Domenikalinin bu yaxınlarda açıqlamasından sonra düşdüyünü söyləyib. S.Domenikali yaxın gələcəkdə çempionatda debüt etmək istəyən komandalardan əlavə üzvlük haqqı almaq istəmədiklərini söyləyib.
Formula 1-də daha bir yeni qurum çıxış edə bilər. Söhbət komandaları mühərriklə təmin edən zavoddan gedir. “Honda”nın Formula 1 komandaları üçün mühərrik hazırlamaqdan imtina etməsi “Audi”nin onun yerini tutmasına səbəb ola bilər.
Yaponiya konserni “Red Bull”u mühərriklə təmin edir. Mövsümün sonunda isə “Honda” “Kral avtoyarışları”ndan gedəcəyini açıqlayıb. Elə Maks Ferstappen də mövsümün sonunda “Red Bull”dan ayrılacağı müzakirə olunur. “Mercedes” mövsümün sonunadək müqavilə imzaladığı pilotu Luis Hamiltonla növbəti mövsüm əməkdaşlığı davam etdirməkdə o qədər də həvəsli deyil. Elə mətbuata açıqlamasında “Mercedes”in rəhbəri Toto Volf da britaniyalı pilotun komandadan gedəcəyini istisna etməyib. Hamiltonun gedişindən sonra isə Maks Ferstappenin “Mercedes”ə keçəcəyi haqda söhbətlər dolaşır.
Formula 1-də yeni dəyişikliklər gözlənilir