İdman gimnastikası üzrə fərdi çoxnövçülük yarışının iki mərhələsi ləğv olundu

İdman gimnastikası üzrə fərdi çoxnövçülük yarışının iki mərhələsi ləğv olundu

Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli idman gimnastikası üzrə fərdi çoxnövçülük yarışının iki mərhələsi ləğv olunub.

4 mərhələdən ibarət olan “All-Around World Cup Series” turnirinin yalnız ABŞ-ın Milouoki şəhərindəki turniri təşkil olunub. Ötən ilin mart və aprel aylarında Almaniyanın Ştutqart, Böyük Britaniyanın Birmingem və Yaponiyanın Tokio şəhərlərində nəzərdə tutulan yarışlar isə koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmışdı. Son qərara əsasən Ştutqart və Birmingem mərhələləri baş tutmayacaq. Mayın 4-də Tokioda keçirilməli olan və Olimpiadaya test xarakteri daşıyan yarışla bağlı məsələyə isə hələlik baxılmayıb. Olimpiya təsnifat sisteminin qaydalarına görə, seriyanın nəticələrini Tokio-2020-yə vəsiqə kimi təsdiqləmək üçün ən azı üç mərhələ keçirilməli və həm kişilər, həm də qadınlar arasında idman gimnastikasında bu seriyada təşkil olunan üç Olimpiya lisenziyası yenidən bölüşdürülməlidir. Qaydalara əsasən, kvotalar 2019-cu il dünya kubokunun təsnifat mərhələlərində komanda yarışlarında ən yüksək yerləri tutan ölkələrə verilir. Beləliklə, Tokio olimpiadası üçün kişi idman gimnastikasında Rusiya, Çin və Yaponiya, qadın idman gimnastikasında isə ABŞ, Çin və Rusiya vəsiqə əldə edib.