Uzun bir fasilədən sonra Milli Gimnastika Arenası yenidən beynəlxalq yarışa ev sahibliyi etməyə hazırlaşır. 2020-ci ildə Bakıda təşkil edilməli olan, lakin bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar olaraq təxirə salınmış bədii gimnastika üzrə dünya kuboku yarışlarının mayın 7-9-da keçirilməsi planlaşdırılır.
Turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Dünya kuboku yarışlarının ilk 2 günündə təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandaları final mərhələsinə adlayacaq. Yarışın sonuncu günündə isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.
Qeydiyyat siyahısına əsasən turnirdə 38 ölkədən 67-si fərdi və 123-ü qrup komandasının (21 qrup) üzvü olmaqla 190 gimnastın iştirakı gözlənilir.
Ənənəyə uyğun olaraq, bu kubok yarışlarında da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.
Paytaxtımızın ev sahibliyi edəcəyi dünya kuboku Tokio-2020-yə təsnifat xarakteri daşıyacaq