Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında ilk medal Əfqan Xaşalovdan gəldi. 57 kq-da çıxış edən sərbəst güləşçimiz karyerasında ilk dəfə böyüklər arasında qitə birinciliyinin bürünc medalını qazandı. Millimizin üzvü yarış təəssüratlarını Azərbaycan Güləş Federasiyasının saytı ilə bölüşüb: “Avropa çempionatı mənim üçün çox önəmli yarış idi. Bir ildən artıq idi güləşmirdim. Sonuncu dəfə ötən il Romada keçirilən qitə birinciliyində iştirak etmişdim. Avropa Çempionatı ərəfəsində Kiyev turnirində iştirak etdim. Həmin yarışda məğlub olduğum belaruslu güləşçiyə burada qalib gəldim. Əlbəttə, forma yığmaq üçün zaman lazım idi. Ancaq bunun üçün vaxtımız az idi. Məşqçilərimiz sağ olsun. Yaxşı təlim-məşq toplanışı keçdik. Şükürlər olsun ki, medalsız qalmadım. Qismət olsa, Olimpiadada çempion olmaq istəyirəm. Bayrağımızı orada da dalğalandırmağı arzulayıram. Yarış ağır keçdi. Çünki çoxdandır güləşmirdim və çəki salmırdım. Yarımfinalda Rusiya güləşçisi ilə görüşdə vaxta görə yanıldım. Elə bildim ki, hələ zamanım var. Fəndi axıra kimi icra edə bilsəydim, finala çıxardım. Uzun müddət məşqlərdən uzaq qalmağın da müəyyən qədər rolu oldu. Ancaq səhvlərimin üzərində işləyib, onları aradan qaldırmaq üçün vaxtımız var”.
Əfqan Xaşalov: “Qismət olsa, Olimpiadada çempion olmaq istəyirəm”