Olimpiya çempionu vəfat etdi

Olimpiya çempionu vəfat etdi


Ötən həftə Azərbaycan idmanı ağır itki ilə üzləşdi. Belə ki, Bakıda doğulan Avropa, dünya və Olimpiya çempionu Vera Lantratova 74 yaşında dünyasını dəyişdi.
Klub səviyyəsində yalnız "Neftçi”nin formasını geyinən V.Lantratova bu komanda ilə 1972-ci ildə keçirilən SSRİ çempionatının bürünc mükafatçısı adını qazanıb. 1967-ci ildə Azərbaycan SSR yığma komandası ilə SSRİ çempionatının və SSRİ xalqları Spartakiadasında gümüş medal qazanan voleybolçu, SSRİ millisinin heyətində də mötəbər turnirlərin iştirakçısı olub. Vera Lantratova 1968-ci ildə Yay Olimpiya Oyunlarının qalibi adını qazanmaqla, nəinki Azərbaycan idmanına, həmçinin dünya idmanı tarixinə adını qızıl hərflərlə yazdırıb. Bundan əlavə Olimpiya çempionu 1967-ci ildə Avropa çempionatının, 1970-ci ildə isə dünya çempionatının qalibi adına yiyələnib.
Məşqçi kimi "Lokomotiv” voleybol klubunda işləyən idmançımız müxtəlif illərdə SSRİ-nin ən yaxşı voleybolçuları siyahısına düşüb. Daha sonra xanım idmançımız Rusiyanın Sankt-Peterburq şəhərinə köçərək burada həm məşqçi kimi çalışıb, həm də məktəbdə bədən tərbiyəsi müəllimi vəzifəsində işləyib.
Qeyd edək ki, V.Lantratova Azərbaycanda doğulduğu üçün hər zaman fəxr etdiyini, Vətənini çox sevdiyini vurğulayıb.
Uzun müddət Sankt-Peterburqda yaşayan voleybolçunun ölüm xəbəri Azərbaycan idman ictimaiyyətini də kədərləndirdi. Bu xəbərə ən çox üzülənlər arasında isə onunla yaxın münasibətdə olan Olimpiya çempionlarımız və Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi oldu. Çempionlarımız Vera Lantratovanı kədər hissi ilə xatırlayaraq, onun haqqında xatirələrini "Olimpiya dünyası” qəzeti ilə bölüşüblər.


 

"Bu barədə danışmaq
mənə çətindir”


Rəfiqə Şabanova (Olimpiya çempionu):

- Veranın dünyasını dəyişməsi xəbəri məni çox sarsıtdı. Düzünü desəm, bu barədə danışmaq mənə çətindir. O, çox gözəl insan və əla idmançı idi. Gənclik illərimizdə bizim onunla gözəl münasibətlərimiz olub. Lakin təəssüf ki, zamanla əlaqələrimiz bir qədər zəifləyib. Olimpiya çempionumuzun ruhu şad olsun. Onun ailəsinə və doğmalarına isə səbr diləyirəm.


 

"Gülümsəyib və
dünyasını dəyişib”


Lyudmila Şubina (Olimpiya çempionu):

- Vera Lantratova peşəkar bir voleybolçu, mükəmməl bir insan idi. Biz onunla daim əlaqə saxlayırdıq. Hətta dünyasını dəyişməsindən bir neçə gün əvvəl də onunla danışmışdım. Ona Sankt-Peterburqda yağışların olmasını səbəb göstərərək, Bakıya gəlib, günəşdə qızınmağı təklif etmişdim. Səhhəti normal olduğu üçün mənim təklifimi qəbul edib, imkan tapıb gələcəyini bildirmişdi. Lakin təəssüf ki, qismət olmadı.
İdman karyerasını bitirdikdən sonra Veranın ayaqlarında, xüsusi ilə də dizlərində ağrılar, problemlər yaranmışdı. O, hətta müalicə olunduqdan sonra belə mütəmadi olaraq müəyyən prosedurlardan keçirdi. Lakin xəstəxanada olduğu vaxt Vera ikinci dəfə insult keçirib. Bir müddət komada qaldıqdan sonra səhər saat 6-nın yarısında komadan ayılıb, gülümsəyib və dünyasını dəyişib. Qeyd edim ki, Vera təxminən iki il əvvəl insult keçirərək küçədə yıxılmışdı.
Biz onunla Bakıda olduğu müddətdə də daim əlaqə saxlayıb, görüşürdük. Sankt-Peterburqa köçdükdən sonra isə yalnız müxtəlif tədbirlərdə görüşmək imkanımız yaranırdı. Hətta mən SNQ-nin əfsanəvi 10 idmançısı siyahısına düşəndə Kreml sarayında təşkil olunacaq mükafatlandırma mərasiminə qatılacağını demişdi. Amma təəssüf ki, səhhətinin pisləşməsi səbəbi ilə o, sözünün üstündə dayana bilmədi.
Mənim üçün çox xoş idi ki, Vera Lantratova, İnna Rıskal, Larisa Savkina ilə illər sonra belə Olimpiya Oyunlarında qonaq qismində iştirak edirdik. Həmçinin Moskvada təşkil olunan müxtəlif tədbirlərdə görüşüb, keçmişi yad edirdik.
Yaxşı tanıdığın birinin dünyasını dəyişməsi xəbəri insana çox pis təsir edir. Ruhu şad olsun.


 

"İdman aləmi həyatını
idmana həsr edən gözəl və zəhmətkeş bir insanı itirdi”


Larisa Savkina (Olimpiya çempionu):

- Belə bir xəbəri almaq çox kədərlidir. Vera ilə Londonda keçirilən Olimpiya Oyunları zamanı tanış olmuşduq. Həmin vaxt komandamıza dəstək olmaq üçün azarkeş qismində Oyunlara cəlb olunmuşduq. Vera ünsiyyətdə çox sadə və səmimi bir insan idi. Düşünürəm ki, bunda təəccüblü bir şey də yox idi. Belə ki, bakılılar hər zaman səmimilik və mehribanlıq kimi xüsusiyyətləri ilə seçilirlər. Təəssüf ki, idman aləmi həyatını idmana həsr edən gözəl və zəhmətkeş bir insanı itirdi. Ruhu şad olsun.

 

Türkay Niftəliyeva