Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Rusiyanın Yakutsk şəhərində Olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirində qızıl medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 70 kq çəki dərəcəsində yarışan idmançımız finalda Rusiyanı təmsil edən erməni güləşçi Arsen Balayanla qarşılaşıb. Rəqibini 5:3 hesabı ilə məğlub edən Cəbrayıl Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
65 kq-da çıxış edən Sabir Cəfərov isə finalda Danil Xarçilavaya (Rusiya) 0:5 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, xatirə turnirinə 3 güləşçi ilə qatılan Azərbaycan yığması yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.
Pəhləvanımız finalda erməni güləşçiyə qalib gələrək çempion adını qazandı