Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri start götürəcək. Turnirin birinci günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Millimizin 3 üzvü Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün xalça üzərinə çıxacaq.
Sərbəst güləşçilərimizdən Georgi Edişeraşvili (57 kq) Otari Qoqava (Gürcüstan), Abubakr Abakarov (86 kq) israilli Uri Kalaşnikov, Vahid Qalayev (125 kq) isə İspaniya təmsilçisi Xose Kuba Vaskes ilə qarşılaşacaq.
Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.
Sərbəst güləşçilərimiz 65, 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə təmin ediliblər. Belə ki, Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəliblər.
Sərbəst güləşçilərimiz Sofiyada lisenziya uğrunda mübarizəyə başlayırlar