Aerobika gimnastikası üzrə dünya yaş qruplarına start verildi

Aerobika gimnastikası üzrə dünya yaş qruplarına start verildi

Azərbaycanda ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları start götürüb. Sayca 9-cu olan bu yarışda 18 ölkədən 202 gimnast iştirak edir. Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar. Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.
Milli Gimnastika Arenasında mayın 23-dək davam edəcək turnirdə ölkəmizi Leyla Abdullayeva, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edəcəklər.
Yarışın birinci günündə 12-14 yaş kateqoriyasında çıxış edəcək gimnastlar fərdi kişilər, üçlük və qarışıq cütlük yarışlarında güclərini sınayacaqlar. 15-17 yaşlı gimnastlar isə fərdi qadınlar və üçlük yarışlarında çıxış edəcəklər.