“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) bu il iyunun 4-6-da Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi və həmin yarışda media nümayəndələrinin fəaliyyət qaydalarına dair yenilənmiş məlumatların çatdırılması məqsədilə mayın 21-də yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün seminar təşkil edib.
Tədbirdə BŞH-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva mətbuat nümayəndələrinə bu nüfuzlu yarış və turnirdə media işçilərinin fəaliyyət qaydalarına dair ətraflı məlumat verib.
A.Ağayeva bildirib ki, Formula 1-ə maraq göstərənlər yarış barədə mediadan məlumat aldıqları üçün Qran-Pri ilə bağlı mediada fəallıq artıb. Azərbaycandakı yarışın təqvimdə öz yerini qorumasının sevindirici hal olduğunu diqqətə çatdıran BŞH rəsmisi Azərbaycan Qran-Prisinin müddətinin uzadılıb-uzadılmayacağına hələ aydınlıq gəlmədiyini söyləyib.
O vurğulayıb ki, Azərbaycan Qran-Prisinə 1300-dək marşal cəlb olunacaq. Həmin marşallardan 50-si əcnəbidir. Onlar yarış müddətində Atletlər Kəndində qalacaqlar.
Yarışda könüllülərin fəaliyyətindən danışan BŞH rəsmisi ümumilikdə 500 könüllünün Azərbaycan Qran-Prisinə cəlb edilməsinin nəzərdə tutulduğunu və hazırda onların işə başladıqlarını qeyd edib.
A.Ağayeva bildirib ki, Bakıda Qran-Pri ilə yanaşı, Formula 2 yarışı da keçiriləcək.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.
Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı Şəhər Halqasında təşkil olunacaq. Bakı 2016-cı ildən Formula 1 Qran-Prisinə ev sahibliyi edir.