Paralimpiyaçılarımız Dünya Kubokunu uğurla başa vurdular

Paralimpiyaçılarımız Dünya Kubokunu uğurla başa vurdular

Azərbaycan Milli Paralimpiya Komitəsinin pouerliftinq üzrə milli komandası Tbilisidə təşkil olunan Dünya Kuboku yarışlarını uğurla başa vurub. Azərbaycanı beynəlxalq idman tədbirində təmsil edən 5 idmançının hər biri medal qazanıb.
Elşən Hüseynov (107 kq) qızıl, Şamo Aslanov (107 kq-dan çox) qızıl, Leyla Kərimova (86 kq) 1 qızıl və 1 bürünc, Pərvin Məmmədov (49 kq) gümüş, Nurlan Babacanov (97 kq) bürünc medal əldə edib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev pouerliftinqçilərlə görüşüb və onları əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edib. O, idmançıların Azərbaycanı Dünya Kubokunda layiqincə təmsil etdiklərini vurğulayıb. Səfir komandanın üzvləri ilə yaxından tanış olub və onların yarış təəssüratları ilə maraqlanıb.
Diplomatın sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə idmançılarımızın beynəlxalq arenalarda yüksək ruhla çıxış edərək uğurlu nəticələr qazanmalarına əlavə güc verir. F.Quliyev idmançılara gələcək yarışlarda uğurlar və yeni qələbələr arzulayıb.
Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin baş mütəxəssisi Rüfət Rəhimov, komandanın kapitanı E.Hüseynov və üzvləri göstərilən böyük diqqətə görə səfirə minnətdarlıqlarını bildiriblər.
İdmançılar daha sonra Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət ediblər.
Qeyd edək ki, R.Rəhimov para pauerliftinq üzrə hakim lisenziyası qazanan ilk azərbaycanlıdır. O, hakim qismində ilk dəfə Tbilisidəki Dünya Kubokunda çıxış edib.