İyunun 3-də Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının (BCF) konqresi keçirilib.
Konqresdə bütün üzv ölkələrin nümayəndələri, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmilər iştirak ediblər.
Tədbirdə ölkəmizi ACF-in baş katibi Elmar Babanlı təmsil edib.
Əvvəlcə BCF-in prezidenti Marius Vizerin hesabat məruzəsi dinlənilib. Hesabat məruzəsində cüdonun dünyada geniş təbliği istiqamətində nəhəng media şirkətləri ilə uğurlu əməkdaşlıqdan, cüdo yarışlarının məlum təqvimindən, idmanın bu növünün bütün dünyada inkişaf etdirilməsi üçün müxtəlif dövlətlərə edilən ianələrdən, təhsil məsələləri və gələcək hədəflərdən bəhs olunub.
Daha sonra təşkilatın baş katibi və maliyyə departamentinin rəhbərinin hesabatları dinlənilib.
Həmçinin BCF Nizamnaməsinin nizam-intizam və etik kodla bağlı qanunvericilik maddələrində dəyişikliklər edilib.
Konqresdə beynəlxalq qurumun rəhbər heyətinə seçkilər keçirilib. M.Vizer yeganə namizəd kimi yekdilliklə BCF-in prezidenti seçilib.
Daha sonra o, növbəti 4 il üçün İcraiyyə Komitəsi üzvlərinin siyahısını konqres iştirakçılarının diqqətinə çatdırıb. ACF-in prezidenti Rövnəq Abdullayev ikinci dəfə növbəti dörd il müddətinə BCF-in İcraiyyə Komitəsinə üzv seçilib.
Sonda BCF-in prezidenti M.Vizer iştirakçılara gördükləri işlərə görə təşəkkürünü bildirib və konqresin işinə yekun vurub.
Rövnəq Abdullayev yenidən İJF-yə üzv seçilib