İyunun 6-da Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib. Olimpiada ərəfəsində təşkil olunan yarışda 118 ölkədən 665 (387 kişi, 278 qadın) cüdoçu mübarizə aparır. Çempionatda ölkəmiz 12 (9 kişi, 3 qadın) cüdoçu ilə təmsil olunur.
İlk yarış günündə komandamızın 4 üzvü tatami üzərinə çıxıb. Təmsilçilərimizdən yalnız Kəramət Hüseynov (60 kq) mükafatçılar sırasında yer alıb. Mübarizəyə 1/32 finaldan başlayan cüdoçumuz əvvəlcə Mohammad Raşnonezadı (Beynəlxalq Cüdo Federasiyası), ardınca isə Nikolae Foçanı (Moldava) məğlub edib. Təmsilçimiz 1/8 finalda Yaponiya təmsilçisi Ryuju Naqayamaya ilə qarşılaşmada qələbə qazansa da növbəti mərhələdə fransalı Valide Xyara (FRA) məğlub olub. K.Hüseynov təsəlliverici görüşdə monqolustanlı Unubold Lxaqbayamtsa qalib gəlib. Üçüncü yer uğrunda qazaxıstanlı Magzhan Şamsadini məğlub edən Kəramət dünya çempionatının bürünc medalına sahib çıxıb.
Digər cüdoçularımızdan Davud Məmmədsoy (60 kq) ilk görüşdə Romarik Vend-Yam Buda (Fransa), Leyla Əliyeva Rusiya təmsilçisi Sabina Gilyazovaya, Aişə Qrbanova (hər ikisi 48 kq) isə ispaniyalı Julia Fiqqueroaya məğlub olublar.