Tokio-2020-yə lisenziya qazanan daha 5 paralimpiyaçımızın adı açıqlandı

Tokio-2020-yə lisenziya qazanan daha 5 paralimpiyaçımızın adı açıqlandı

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə milli komandansının üzvləri Elvin Astanov, Elmir Cəbrayılov, Səid Nəcəfzadə, Həmid Heydərli və Yelena Çebanu Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizin şərəfini qoruyacaqlar.

Sonuncu açıq Avropa çempionatında uğurla iştirak etmiş idmançılarımız E.Astanov, E.Cəbrayılov, S.Nəcəfzadə və H.Həmidli, eləcə də reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr əldə etmiş Y.Çebanu Tokio-2020-də iştirak hüququnu qazanıblar.

Beləliklə, Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək atletlərimizin sayı 8-ə çatıb. Oluxan Musayev, Kamil Əliyev və Samir Nəbiyev daha əvvəl dünya çempionatında göstərdikləri nəticələrə görə, Oyunlara iştirak hüququ qazanmışdırlar.

Tokio-2020-yə lisenziya qazanmış Oluxan Musayev, Samir Nəbiyev və Elvin Astanov nüvə itələmə, Elmir Cəbrayılov və Yelena Çebanu qaçış, Kamil Əliyev və Səid Nəcəfzadə uzunluğa tullanma, Həmid Heydərli isə nizə atma növündə iştirak edəcəklər.

Qeyd edək ki, bu günədək AMPK-nın idmançıları Tokio-2020-yə artıq 18 lisenziya əldə ediblər. Onlardan 8 – atletika, 4 – parataekvando, 3 – üzgüçülük, 2 – güllə atıcılığı və 1 – pauerliftinq növündəndir.