Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Üçüncü yarış günündə 2 cüdoçumuz tatami üzərinə çıxıb. Turnirdə 73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov mübarizəyə 1/32 finaldan başlayıb. İdmançımız bu mərhələdə mozambikli Ayton Siquirə qalib gəlib. Növbəti görüşdə çexiyalı Jakub Jesmınekə də qalib gələn Hidayət 1/8 finalda italiyalı Ciovanni Espozıtondan güclü olub. Avropa çempionumuz növbəti mərhələdə Türkiyə təmsilçisi Bilal Ciloğluya məğlub olub. Təsəlliverici qarşılaşmada macarıstanlı Miklos Ungvarıya qalib gələn H.Heydərov bürünc medal görüşünə vəsiqə qazanıb. İdmançımız üçüncü yer uğrunda yaponiyalı Soiçi Haşimotoya uduzub. Onunla eyni çəkidə mübarizə aparan Nurlan Osmanov isə ilk qarşılaşmasında isveçli Tommi Masiasa məğlub olub.
Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Belə ki, turnirin birinci günündə kişilər arasında mübarizə aparan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.
Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.
Cüdoçumuz bürünc medalı əldən verdi