Bu gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin səkkizinci turunun oyunları keçirilib. Rumıniyada keçirilən turnirin növbəti turunda Ş.Məmmədyarov niderlandlı Aniş Qiri, Teymur Rəcəbov isə yerli idmançı Konstantin Lupulesku ilə mübarizə aparıb.
Şahmatçılarımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, şahmatçılarımız turnirdə məğlubiyyətsiz irəliləyirlər. Ş.Məmmədyarov 8 oyundan 3-nü qələbə ilə başa vurub. T.Rəcəbov isə bütün qarşılaşmalarında heç-heçə edib. Şəhriyar 5,5 xalla turnir cədvəlində liderliyini davam etdirir.
Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.
Qrossmeysterlərimiz turu heç-heçə ilə başa vurdular