Fransanın paytaxtı Parisdə “Grand Chess Tour” şahmat turniri keçirilir. Yarışda ölkəmizi qrossmeysterimiz Teymur Rəcəbov təmsil edir. Bu gün nüfuzlu yarışının ikinci mərhələsinin ilk 3 turu keçirilib.
Qrossmeysterimiz ilk qarşılaşmada Levon Aronyanla (Ermənistan) heç-heçə edib. Zəka sahibimiz növbəti görüşdə fransalı Maksim Vaşye-Laqrava uduzub. T.Rəcəbov üçüncü partiyada isə iranlı Alireza Firuzcaya qalib gəlib.
Turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri təşkil olunacaq.
“Grand Chess Tour”da şahmatçımız və adıçəkilən rəqiblərindən başqa, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Etien Bakrot (Fransa), Riçard Rapport (Macarıstan), Yan Nepomnyaşi, Vladimir Kramnik və Peter Svidler (hər üçü Rusiya) iştirak edirlər.)