AVRO-2020: Bu gün ikinci turun oyunlarına yekun vurulacaq

AVRO-2020: Bu gün ikinci turun oyunlarına yekun vurulacaq

Bu gün AVRO-2020-nin final mərhələsi çərçivəsində ikinci turun daha 3 oyunu təşkil olunacaq. Çempionatın iki oyunu F, bir oyunu isə E qrupunda oynanılacaq. Günün ilk matçında çempionatın “ölüm qrupu” adlandırılan F qrupunda yer alan komandalar üz-üzə gələcəklər. Macarıstan yığması Budapeştdəki “Puşkaş Arena”da Fransa millisi ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunu ingiltərəli Maykl Oliver idarə edəcək.

İlk turda Almaniya üzərində minimal hesablı (1:0) qələbə qazanan fransızlar qələbə qazanacağı halda pley-offa vəsiqə qazanacaq.

Qrupun digər görüşündə son Avropa çempionu olan Portuqaliya millisi Almaniya ilə qarşılaşacaq. Münhendəki eyniadlı stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu ingiltərəli baş hakim Entoni Teylor idarə edəcək.

İlk oyunda Marcarıstanı 3:0 hesabı ilə üstələyən Portuqaliya güclü rəqibinə də qalib gələrsə, 1/8 finala vəsiqəni təmin edəcək.

Günün sonuncu matçında E qrupunda yer alan üçqat Avropa çempionu - İspaniya millisi Polşa ilə üz-üzə gələcək. Sevilya şəhərindəki “Estadio La Cartuja” stadionunda oynanılacaq matçı italiyalı Daniele Orsato idarə edəcək. Görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək. “Qırmızı furya” ilk oyunda skandinaviyalılarla heç-heçə edib. Polşa yığması isə Slovakiyaya minimal hesabla məğlub olub -1:2.