“Dəmir Mayk” “paslanır”

“Dəmir Mayk” “paslanır”


Əfsanəvi boksçu Mayk Tayson ölüm ayağındadır. "Dəmir Mayk” jurnalistlərə etiraf edib ki, həddən artıq spirtli içki və narkotik qəbul etdiyi üçün həyatı təhlükə altındadır. "Bəzən mən özümü çox pis aparıram. Əslində həyatım boyu pis işlərlə məşğul olmuşam. İndi isə bağışlanılmağımı istəyirəm. Həyatımı dəyişmək, doğru yola dönmək istəyirəm. İndi ölüm ayağındayam. Narkotik və spirtli içki həyatımı məhv etmək üzrədir. Amma mən ölmək istəmirəm. Artıq 10 gündür ki, spirtli içki və narkotiki kənara atmışam. Nə qədər yaşayacağımı bilmirəm. Bircə onu bilirəm ki, son nəfəsimə qədər içki və narkotikdən uzaq qalacağam”, - deyə Tayson bildirib. Dünyanın ən məşhur boksçusunun karyerasında maraqlı anlar çox olub. Həmin anları oxucularımıza təqdim edirik.

1. Orta məktəbdə heç cür "ipə-sapa yatmayan” Nyu-Yorkun xüsusi rejimli məktəbinə göndərilib. Əslində bu məktəb azyaşlıların təcridxanası idi. 13 yaşlı Mayk yaşıdları arasında özünün fiziki gücünə görə seçilirdi: o, 100 kiloqramlıq ştanqı çox asanlıqla qaldırırdı. Gələcəyin "Dəmir Mayk”ının oxuduğu bu məktəbin bədən tərbiyəsi müəllimi keçmiş boksçu Bobbi Styuart idi. Fiziki gücü ilə seçilən yeniyetmə boks məşqçisinin diqqətini cəlb edə bilmişdi. Onların arasında bağlanmış centlemen müqaviləsinin şərtləri belə idi: Mayk özünü məktəbdə tərbiyəli apararsa Styuart boksun incəliklərini ona təklikdə öyrədəcəkdi.

2. Mayk Tayson həvəskarı arasında ilk yarışına 15 yaşında (1981-ci il) çıxıb. "Holyoko” klubunun üzvü olan bu oğlanı həmkarları "tank” adlandırırdılar. "Tank” 1981-ci ildə rinqdə 6 döyüş keçirib və yalnız sonuncu döyüşdə məğlub olub.

3. 1985-ci il martın 5-də Mayk Tayson peşəkar rinqdə debüt edib. Onun ilk rəqibi Ektor Mersedes olub Həmin il Tayson 15 döyüş keçirib və rəqiblərinin hamısını nokautla məğlub edib.

4. "Dəmir Mayk” karyerası ərzində keçirdiyi 50 döyüşün 44-də nokautla qalib gəlib, cəmi 6 döyüşdə məğlub olub. 1986-cı ildə Tayson təcrübəli boksçu Trevor Berbikanı ikinci raundda məğlub edərək dünya çempionu kəmərinə sahib çıxıb. Növbəti illərdə Tayson Beynəlxalq Boks Federasiyasının (İBF), Ümumdünya Boks Şurasının (WBC) və Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyaları üzrə dünya çempionu adına layiq görülüb.

5. Mayk Tayson bu günə qədər təzələnməyən bir neçə dünya rekordunun sahibidir:

* Ağır çəkidə ən gənc dünya çempionu (20 yaş);

* Ağır çəkidə ən gənc mütləq dünya çempionu (21 yaş);

* Boksda hər üç titula ardıcıl sahib çıxan yeganə mütləq dünya çempionu;

* Boks tarixində ən yüksək qonorar alan idmançı;

* Mütləq dünya çempionu titulunu (WBC, WBA, İBF) 6 dəfə ardıcıl müdafiə edən boksçu;

6. 1998-ci il mart ayının 5-də promouteri Don Kinqi məhkəməyə verən Tayson, promouterdən 100 milyon dollar tələb edib. Məhkəməyə təqdim etdiyi ərizəsində "Dəmir Mayk” iddia edib ki, keçmiş promouter ona külli miqdarda maddi ziyan vurub. Uzun mübahisələrdən sonra Don Kinq Taysona 14 milyon dollar ödəməli olub.

7. Əfsanəvi boksçu 3 dəfə həbs olunub. 1992-ci ildə zorlamada günahlandırılan Tayson 6 il həbs cəzası alıb, lakin 3 il həbsxanada saxlanılıb. 1998-ci ildə Taysonun idarə etdiyi maşın başqa bir avtomobillə toqquşub. Keçmiş boksçu həmin avtomobilin sürücüsünü döydüyü üçün 3 ay müddətində azadlıqdan məhrum olunub. 2008-ci ildə isə "Dəmir Mayk” 3 gün dəmir barmaqlıqlar arxasında qalmalı olub: avtomobili sərxoş halda idarə etdiyi üçün.

8. Keçmiş dünya çempionu 3 dəfə ailə qurub və 8 uşaq atasıdır.

9. "Dəmir Mayk” islam dinini qəbul edib və müsəlman adı Malik Əbdüləzizdir.

10. Mayk Taysonun aktyorluq bacarığı da var. O, özü haqqında çəkilən "Tayson” (1995), "Şöhrətin görünməyən tərəfi” (2003) və "Mayk Tayson” (2009) filmlərində baş rolda oynayıb. Xatırladaq ki, Mayk Tayson peşəkar rinqdə sonuncu döyüşünü irlandiyalı Kevin Makbroyda qarşı keçirib və məğlub olub.