İyulun 10-da Rusiyanın Soçi şəhərində start götürəcək şahmat üzrə dünya kubokunda iştirak edəcək şahmatçılarımızın rəqibləri müəyyənləşib. Kişilərin yarışında yüz iyirmi səkkizdəbir final mərhələsindən yalnız Vasif Durarbəyli mübarizəyə qoşulacaq. Bir şahmatçımız istisna olmaqla, digər təmsilçilərimiz isə mübarizəyə altmış dörddəbir final mərhələsindən başlayacaqlar.
V.Durarbəyli bu mərhələdə Finlandiyanı təmsil edən Dmitrti Sklyarovla qarşılaşacaq. Bu cütün qalibini isə növbəti mərhələdə rusiyalı Aleksandr Predke gözləyəcək. Kişilərin yarışında digər təmsilçilərimiz - Şəhriyar Məmmədyarov Braziliyanı təmsil edən erməni əsilli Krikor Mxetaryan və meksikalı Karlos Zamora, Nicat Abasov isə venesuelalı Pedro Ramon Reyes və Ermənistan təmsilçisi Şant Sarqisyan cütlərinin qalibləri ilə qarşılaşacaqlar.
Qadınların yarışına gəlincə, Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdez, Gülnar Məmmədova estoniyalı Mai Narva, Ülviyyə Fətəliyeva isə hindistanlı Raut Padmini ilə üz-üzə gələcəklər. Qadınların yarışında dördüncü təmsilçimiz, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə isə mübarizəyə otuz ikidəbir final mərhələsindən qoşulacaq. Təmsilçimizin bu mərhələdə rəqibi slovakiyalı Laurua Unuk və suriyalı Şafa Şrukun cütünün qalibi olacaq.