Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanacaq Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr olunan iclas zamanı məlumat verib. Vitse-prezident bildirib ki, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı cüdoçu Rüstəm Orucov yerinə yetirəcək.
“Bizdə ənənə belədir. Əvvəlki olimpiadada qızıl medal qazanan idmançı növbəti Olimpiya Oyunlarında bayrağı daşıyır. Təəssüf ki, ötən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançımız Radik İsayev bu dəfə olimpiadaya vəsiqə qazana bilmədi. Buna görə də biz ötən olimpiadada gümüş medal qazanan idmançıların arasından seçim etdik. Düzdür başqa gümüş medalşılar da var idi, amma onlar açılış vaxtı orada olmayacaqlar. Rüstəm Orucov bizim ən ideal nümayəndəmizdir. Bu baxımdan da onun Tokio-2020-də komandamızın bayraqdarı olması qərara alınıb”, - deyə Çingiz Hüseynzadə bildirib.
Qeyd edək ki, Rüstəm Orucov 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarının da bayraqdarı olub. Cüdoçumuz həmin yarışda bürünc medala sahib çıxmışdı.