Yasamal rayonunda şahmat üzrə blits-turnirin qalibləri mükafatlandırılıb

Yasamal rayonunda şahmat üzrə blits-turnirin qalibləri mükafatlandırılıb

Bu gün Yasamal rayon Gənclər və İdman İdarəsinin və Şahmat-Dama klubu İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan bayrağı” ordeni, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid leytenant Mirzağa Əliyevin xatirəsinə həsr edilmiş şahmat üzrə blits-turnirin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə millət vəkili Səbinə Xasayeva, Yasamal rayon İcra Hakimiyyətinin şöbə müdiri Xaqan Teymurov, Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon Təşkilatının sədri  Bəhram Şeydayev, turnirin baş hakimi Gündüz Məmmədov çıxış ediblər.
Mükafatlandırılma mərasimini Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açıq elan etdikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan  Respublikasının Dövlət  Himni səsləndirilib. İlham Səfərov çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında müzəffər ordumuz 44 günlük Vətən müharibəsində rəşadət nümayiş etdirərək, torpaqlarımızı 30 illik erməni işğalından azad etmiş, uzun sürən işğala son qoyub. Qeyd olunub ki, bu parlaq qələbənin əldə olunması zamanı təəssüf hissi ilə qeyd edilməlidir ki, şəhidlərimiz də oldu. Belə qəhrəman oğullarımızdan biri də məhz leytenant Mirzağa Əliyevdir. Mirzağa Əliyev Füzuli istiqamətində gedən şiddətli  döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Mirzağa Əliyev Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra orden və medallarla təltif olunub. İlham Səfərov qeyd edim ki, Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən Vətən müharibəsi şəhidlərinin xatirəsinin anılması məqsədi ilə xüsusi tədbirlər planı işləyib hazırlanıb. Belə ki, şəhidlərimizin doğum günləri ərəfəsində idmanın müxtəlif növləri üzrə çoxsaylı turnirlər təşkil edilib. İdarə rəisi vurğulayıb ki, idarə mütəmadi olaraq, şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının xatirəsinə həsr olunmuş müxtəlif idman yarışları təşkil edir. O, bu kimi yarışların yeniyetmə və gənclər arasında vətənpərvərlik hissinin aşılanmasında xüsusi rolu olduğunu qeyd edib. Bu kimi turnirlər iştirakçıların böyük marağına səbəb olub və böyük iştirakçı kütləsini əhatə edib. Mirzağa Əliyevin xatirəsinə həsr olunmuş turnirə ölkəmizdən olan 50-dək şahmatçı ilə yanaşı, İsveçdən olan həmvətənimiz Amin Abdullayev də qatılıb və həvəsləndirici diploma layiq görülüb. Həmvətənimiz Amin Abdullayev fəxri diplomu şahmatçının ailə üzvünə təqdim edib.   
Çıxışlarda xalq və iqtidar birliyinin güc və həmrəylik rəmzi olan Dəmir Yumruq əməliyatı nəticəsində əldə edilmiş tarixi qələbədən danışılıb, bu birliyin sarsılmaz olduğu vurğulanıb.  
Sonda şəhid leytenant Mirzağa Əliyevin atası Məmmədbağır Əliyev çıxış edərək Mirzağanın xatirəsinin həsr olunmuş turnirin təşkilatçılarına öz adından və şəhid ailəsi adından minnətdarlığını bildirmiş, qalibləri təbrik edərək Azərbaycanın bayrağını daima yüksəklərə ucaltmağı arzu edib.
Qeyd edək ki, turnirin qalibi adını Ruslan Abdullayev qazanıb. Orxan Bağırov və Dinara Hüseynova isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.    

 

 

 

Yasamal rayonunda şahmat üzrə blits-turnirin qalibləri mükafatlandırılıb