Narkomaniyaya qarşı mübarizə sahəsində təbliğatla bağlı görüş keçirilib

Narkomaniyaya qarşı mübarizə sahəsində təbliğatla bağlı görüş keçirilib

Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal problemdir. Təəssüf ki, "Ağ ölüm” təhlükəsi ölkəmizdən də yan keçməmişdir. Faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyata ciddi zərbə vurur.

Bugünlərdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası və Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbərliyinin narkomaniyaya  qarşı mübarizə mövzusu ilə bağlı birgə görüşü keçirildi.
Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər Isayev,Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, MOK-un aparıcı məsləhətçisi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, “Sportsman” jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu  iştirak edirdilər. Görüşdə qeyd olunub ki, sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. Azərbaycan Respublikasında narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər. Bildirilmişdir ki, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının  Azərbaycan Nümayəndəliyinin əsas məqsədi idmançıların sağlam həyat tərzini, pis vərdişlərdən uzaq olaraq sağlam düşüncəsini təbliğ etmək, yeniyetmə və gənclərə narkotiksiz həyatın uzun və gözəl olduğunu göstərməkdir. Bu sahədə xarici ölkələrin təcrübəsini yaxından öyrənmək, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, görülən tədbirlər və onların nəticələri barədə əhalini, o cümlədən idmançıları mütəmadi olaraq məlumatlandırmaq, eyni zamanda dövlət, qeyri-hökumət təşkilatları, xüsusilə gənclər təşkilatları ilə əməkdaşlıq və işbirliyində fəaliyyət göstərmək qarşıya qoyulan əsas istiqamətlərdəndir. Belə ki, gələcəkdə təşkilatın AzƏOK-la birgə sağlam həyat tərzinin təbliği və narkomaniyaya qarşı mübarizə istiqamətində təbliğat xarakterli birgə tədbirlərinin keçirilməsi planlaşdırılıb.

Narkomaniyaya qarşı mübarizə sahəsində təbliğatla bağlı görüş keçirilib