Birinci MDB Oyunları: Bu gün idmançılarımız 4 idman növü üzrə yarışacaq

Birinci MDB Oyunları: Bu gün idmançılarımız 4 idman növü üzrə yarışacaq

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. Sentyabrın 6-da – yarışların dördüncü günündə Azərbaycan komandası 4 idman növündə iştirak edəcək. Koreş idman növü üzrə milli komandamız yarışa təsnifat mərhələsindən mübarizəyə qoşulub. Belə ki, yarışlarda Əlisəftar Məmmədli, Elvar Nəhmətzadə, Həsən Ağazadə, Camal Feyziyev iştirak edirlər.
Digər idman növündə - stend atıcılığında təmsilçimiz Cavid Həsənov da təsnifat mərhələsində dairəvi stend yarışlarında mübarizə aparır.
Basketbol üzrə millimizi isə yarımfinalda Rusiya komandası ilə görüş gözləyir. Bu gün, həmçinin tayboksçularımız - Sayer Leyanna Mary (51 kq), Ağazadə Rəvan (67 kq), Məmməd Əmrəliyev (75 kq) də təsnifat mərhələsindən yarışa qoşulacaqlar.
Qeyd edək ki, Azərbaycan komandası Oyunlarda 6 qızıl, 4 gümüş və 12 bürünc medal qazanaraq ümumi hesabda 9 iştirakçı ölkə arasında 3-cü pillədə qərarlaşıb. İkinci yerə 33 medalla (13 qızıl, 12 gümüş, 8 bürünc) Özbəkistan yüksəlib. Birinci pilləni isə 60 medalla (34 qızıl, 14 gümüş, 12 bürünc) Rusiya tutur.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.