Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov turnirin rəsmi açılış mərasimində çıxış edərək, müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin xatirəsini yaşatmaq və gənclər arasında təbliğ etmək məqsədi ilə idarə tərəfindən təsdiq edilmiş xüsusi tədbirlər planına müvafiq olaraq keçirilmiş turnirlərin önəmindən danışıb. Tədbirdə Millət Vəkili Səbinə Xasayeva, Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Xaqan Teymurov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon Təşkilatının sədri Bəhram Şeydayev çıxış etmiş, Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər. Sonda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri çıxış edərək övladlarının keçdiyi şərəfli döyüş yolundan danışmış, turnirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
Turnirdə Şahan İmanov (40 kq), Cəfər Cəfərli (50 kq), Elcan İbrahimov (60 kq), İlkin Qafarov (70 kq), Rəsul Süleymanov (80 kq) qalib adını qazanıblar. Qeyd edək ki, ümumilikdə yarışda 50-dək idmançı qüvvəsini sınayıb.