Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil olunan növbəti yarışa yekun vurulub. Bakı klubları arasında keçirilən kişilərin və qadınların açıq "Federasiya kuboku"nda 32 komandanın tərkibində 199 cüdoçu (178 kişi, 21 qadın) medallar uğrunda mübarizə aparıb. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində baş tutan yarış üç gün davam edib. Yarışın keçirilməsində əsas məqsəd dekabrın əvvəlində təşkil olunacaq Azərbaycan çempionatında Bakı şəhərindən iştirak edəcək cüdoçuların müəyyən olunması idi.
Turnirdə kişilər arasında Rəhim Aslanov (60 kq), Qasım Vəlizadə (66 kq), Nahid İsmayılov (73 kq), Elcan Səfiyev (81 kq), Coşqun Abdullayev (90 kq), Elvin Əhmədli (100 kq) və Kənan Nəsibov (+100kq) bütün görüşləri qələbə ilə başa vuraraq qalib adını qazanıblar.
Qadınların mübarizəsində Xumar Qasımzadə (48 kq), Vüsalə Hacıyeva (52 kq), Gülnarə Bayramova (57 kq), Leyla Hüseynova (63 kq), Səbirə Əliyeva (78 kq) və Qönçə Cəfərli (+78 kq) yarışın qızıl medalına sahib olublar.
Qeyd edək ki, ümumi komanda hesabında "Şahin" İK "Federasiya kuboku" yarışının qalibi olub. U-13 İOEUGİM ikinci, "Konakan" TT komandası isə üçüncü yeri tutub.
“Federasiya kuboku” yarışına yekun vurulub