Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi idman tədbirləri davam edir. Yasamal rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Denis Əliyevin, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Dmitriy Solnsevin xatirəsinə həsr olunmuş qılıncoynatma üzrə turnirin final mərhələsi yekunlaşıb. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya Çempionu Zemfira Meftaxetdinova, 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əjdər Cəfərov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon Təşkilatının sədri Bəhram Şeydayev çıxış etmiş, Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər.
Qaliblərin təntənəli mükafatlandırılma mərasimində Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov çıxış edərək Müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin xatirəsini yaşatmaq və gənclər arasında təbliğ etmək məqsədi ilə idarə tərəfindən təsdiq edilmiş xüsusi tədbirlər planına müvafiq olaraq keçirilmiş turnirlərin önəmindən danışıb.
Sonda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri çıxış edərək vətən oğullarımızın keçdiyi şərəfli döyüş yolundan, onların tükənməz Vətən sevgisindən danışıblar.
40 nəfərədək idmançının iştirak etdiyi turnirində Ruslan Həsənov qalibi adını qazanıb. Fərrux Səfərov, Barat Quliyev və Fuad Qurbanov mükafatçılar sırasında yer alıblar.
Qılıncoynatma yarışının qalibləri müəyyənləşib












