“Zəfər” kuboku uğrunda yarışlara yekun vurulub 

“Zəfər” kuboku uğrunda yarışlara yekun vurulub 

Noyabrın 6-da Zəfər Günü ərəfəsində “Binə Atçılıq Mərkəzi”nin açıq manejində “Zəfər” kuboku uğrunda konkur yarışları keçirib. “E” və “M**” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib. “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 14 idmançının iştirak etdiyi mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”-nin idmançısı, Rəna Axundova “Tibet” ləqəbli atla 1-ci, “Buta Qolden Atçılıq Klubu”-nun idmançısı Eqor Morotski “Lourness” ləqəbli atla 2-ci yerin sahibi olub. 3-cü yerdə “Omar Atçılıq klubu”-nun idmançısı Nurlan Rüstəmov “Şantal” ləqəbli atla qərarlaşıb.
Günün 2-ci yarışı, “Zəfər” Kuboku uğrunda mübarizəyə saat 12:00-dan etibarən start verilib. “M**” kateqoriyalı 125-130 sm hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət yarışda 11 at iştirak edib. “Buta Golden Atçılıq Klubu”-nun idmançısı Eqor Morotskiy “Astrello” ləqəbli atla öz rəqiblərinə qalib gələrək 1-ci yerin və “Zəfər” kubokunun sahibi olub. “Omar Atçılıq Klubu”nun idmançısı Elmar Abdullayev “Bulud” ləqəbli atla 2-ci yerə yüksəlib. 3-cü yerin sahibi isə Atçılıq Məktəbinin nümayndəsi Ələkbər Məmmədov “Ak’s Clinteus” ləqəbli atla olub.
Qaliblər Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Bəsirət Quliyev tərəfindən diplom, medal və kubokla təltif ediliblər.