“Azərbaycan təmiz qələbələr qazanır!” adlı tədbir keçirib

“Azərbaycan təmiz qələbələr qazanır!” adlı tədbir keçirib

Noyabrın 6-da Dənizkənarı Parkda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) təşkilatçılığı ilə “Azərbaycan təmiz qələbələr qazanır!” adlı tədbir keçirib. Zəfər Gününə həsr olunmuş tədbirdə AMADA-nın rəhbərliyi və kollektivi, İdmançılar Məsləhətçi Komissiyasının üzvləri olan məşhur idmançılar iştirak edib. Tədbir paytaxt sakinlərinin, xüsusilə də uşaqların böyük marağına səbəb olub. Belə ki, tədbirdə vətənpərvərliyi və sağlam həyatı təbliğ edən müxtəlif maraqlı əyləncəli oyunlar keçirilib. İnstaqram üçün hazırlanmış xüsusi “Zəfər Günü” tətbiqindən istifadə edərək şəkil çəkdirmə aksiyasında iştirak edən insanlara şəkilləri yerindəcə çap edilərək təqdim edilib. Bundan əlavə tədbirdə “Qələbəni təsvir et” oyunu keçirilib. İştirakçılar “Azərbaycan təmiz qələbələr qazanır!” adlı böyük lövhə üzərində Vətən müharibəsinin simvolları, işğaldan azad olunmuş şəhərlərimizin adları və tarixi abidələrin şəkillərini rəngləyiblər. Tədbirdə, həmçinin “Dəmir yumruğunu göstər” adlı “Boks” qurğusu oyunu və “Dəqiq zərbə ” adlı kiçik futbol qapısına top vurma oyunu təşkil edilib. Tədbirdə iştirak edən paytaxt sakinlərinə müxtəlif hədiyyələr verilib. Onlar hədiyyələrini məşhur idmançıların əlindən alıb və onlarla şəkil çəkdiriblər.