“Qəhrəmanların varisləri” layihəsinə start verilib

“Qəhrəmanların varisləri” layihəsinə start verilib

Noyabrın 21-də Milli Olimpiya Komitəsinin Atletlər Komissiyası idmana həvəsi olan qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə ''Qəhrəmanların varisləri'' adlı layihəyə start verib. Bu münasibətlə təşkil olunan tədbirdə əvvəlcə Vətən uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin rəhbəri Mehman Kərimov aprelin 9-dan yeni tərkibdə fəaliyyətə başlayan Atletlər Komissiyasının ilk layihəsinin məhz şəhid və qazi ailələrinin övladlarına - qəhrəmanların varislərinə həsr olunmasını yüksək dəyərləndirib. O, Atletlər Komissiyasının sədri cüdoçu Rüstəm Orucov, komissiyanın üzvlərindən olan taekvondoçu Fəridə Əzizova və güləşçi Rasul Çunayevin (yunan-Roma güləşi) şəhid və qazi övladlarını təmsil etdikləri idman növləri ilə tanış etməklə yeni gözəl bir ənənənin əsasını qoyacaqlarını vurğulayıb. Mehman Kərimov bugünkü görüşdən sonra uşaqlar arasında cüdo, taekvondo və güləş idman növləri haqqında fikir formalaşacağının və onların həvəsli olduğu idman növü ilə mütəmadi məşğul olmağa imkan yaranacağını da qeyd edib.
İdmana həvəsin məhz uşaq yaşlarından formalaşmasının vacibliyini vurğulayan M. Kərimov bu gözəl təşəbbüsə qoşulan “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbədə payı olan hər bir şəhid və qazilərin övladlarının Azərbaycan xalqı üçün əziz olduğunu bildirərək deyib: “Məhz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz sərhədlərimizi bərpa edirik. Bizim uzun illərdir beynəlxalq yarışlarda qaldırdığımız bayrağı Vətən müharibəsində qalib gəlmiş şəhid, qazi bacı - qardaşlarımızın övladları dünya idman arenalarında dalğalandıra bilərlər”.
Firdovsi Umudov təmsil etdiyi qurumun bunun üçün hər bir dəstəyə hazır olduğunu vurğulayıb.
Atletlər Komissiyasının sədri Rüstəm Orucov isə öz növbəsində bildirib ki, komissiyanın ilk layihəsinin məhz idmana həvəsli qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin inkişafına həsr edilməsindən xüsusi qürur hissi duyur. “YAŞAT” Fondunun dəstəyindən də danışan Rüstəm Orucov belə layihələrin davamlı olacağını vurğulayıb. Komissiya sədri idmançı dostları Hacı Əliyev (sərbəst güləş), Cəbrayıl Həsənov (sərbəst güləş) və İlqar Müşkiyevin (cüdo) dəstəyini də yüksək qiymətləndirib.
Sonra uşaqlar cüdo, taekvondo və güləş idman növləri ilə tanış olublar. Uşaqlar fərqli idman növlərinə aid məlumatları dinləməklə yanaşı, göstərilən fəndləri yerinə yetirməyə çalışıblar.
Daha sonra Atletlər Komissiyasının üzvləri uşaqların suallarını cavablandırıblar.
Tədbirdən sonra “Sərhədçi” İdman Olimpiya Mərkəzinin muzeyi ilə tanış olan iştirakçılara MOK-un hədiyyələri də təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri cüdoçu Rüstəm Orucov, üzvləri Sabina Kərimova (qılıncoynatma), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), Nazim Babayev (atletika), Rasul Çunayev (yunan-Roma güləşi) və Fatimə Alkərəmovadır (üzgüçülük).

Millimiz dünya çempionatının bürünc medalına sahib çıxdı
Dubayda keçirilən karate üzrə dünya çempionatının son günündə kumite üzrə komandamız bürünc medal uğrunda mübarizə aparıb. Azərbaycan yığması üçüncü yer uğrunda Özbəkistan komandası ilə qarşılaşıb. Rəqib komanda üzərində qələbə qazanan komandamız dünya çempionatının bürünc medalına sahib olub.
Qeyd edək ki, dünya çempionatında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz İrina Zaretska qızıl medala layiq görülüb. Bununla da o, dünya çempionatının ikiqat qalibi titulunu qazanıb.
Daha bir idmançımız - Asiman Qurbanlı (+84 kq) isə turnirdə üçüncü yeri tutub.
Qeyd edək ki, ölkəmiz çempionatda 17 karateçi ilə təmsil olunub.