Milli Olimpiya Komitəsinin üç üzvü AOK-un müxtəlif komissiyalarının üzvü seçilib

Milli Olimpiya Komitəsinin üç üzvü AOK-un müxtəlif komissiyalarının üzvü seçilib

Avropa Olimpiya Komitələrinin (AOK) Slovakiyanın Şamorin şəhərində keçirilən 41-ci seminarında bir sıra mühüm məsələlər müzakirə edilib. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) marketinq departamentinin rəhbəri Mehman Kərimovun iştirak etdiyi seminarda AOK-un icraiyyə komitəsinin iclası da keçirilib. Belə ki, icraiyyə komitəsi növbəti dövr üçün doqquz komissiya və iki işçi qrupun yeni tərkibini təsdiqləyib. Qərara əsasən, Azərbaycan Milli Olimpiya Komitəsinin üç əməkdaşı – Azər Əliyev Avropa Gənclər Yay Olimpiya Festivalının, Mehman Kərimov marketinq, Anar Bağırov isə Avropa İttifaqı və Beynəlxalq Əlaqələr komissiyalarının yeni üzvləri olaraq təsdiq ediliblər. MOK-un üç üzvünün AOK-un müxtəlif komissiyalarına üzv seçilməsi qurumun son 29 illik tarixində bir ilkdir.
Seminar müddətində qitə ölkələrinin MOK-ları Tokio Yay Olimpiya Oyunlarının yekunları haqqında təqdimatı dinləyib, Pekin-2022 Qış Olimpiya Oyunları, Vuokatti-2022 Avropa Gənclər Olimpiya Festivalı, Banska Bıstrısa-2022 Avropa Gənclər Yay Olimpiya Festivalı və Krakov-2023 Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olaraq bir sıra vacib məsələlərə dair qeyd və təkliflərini veriblər.
Seminarda müzakirə olan mühüm sənədlərdən biri də AOK-un 2030-cu il üçün hazırladığı Strateji Gündəliyi olub. Bununla yanaşı, MOK-lar Avropa İttifaqının qrant proqramlarına müraciət, marketinq və sosial media texnikası, bu sahədə strateji planlaşdırma və uyğun mövzular üzrə maraqlı təqdimatlarla tanış olublar.
Seminarın ənənəvi tədbirlərindən biri 2021-ci il üçün qitənin ən güclü yay idmanı üzrə atletinin müəyyən edilməsi olub. Beləliklə, beş finalçı arasından rumıniyalı David Popovici “Avropanın ən güclü gənc atleti” seçilərək 10-cu “Pyotr Nurovski” mükafatına layiq görülüb.