Təbriklər

Təbriklər

Lyudmila Şubina
(Olimpiya çempionu, Monreal-1976)

- "Olimpiya dünyası” qəzeti biz idmançıların uzun illərdir ki, ən yaxın dostudur desəm, yanılmaram. Qəzet ölkə və dünya idmanında baş verən ən son xəbərlər, maraqlı məqalələr, araşdırma yazılarla çoxsaylı oxucu kütləsinin sevimli nəşrinə çevrilib. Hər zaman yeni-yeni rubrikalarla oxucuların görüşünə gələn qəzeti, mən də böyük məmnuniyyətlə izləyirəm, "Olimpiya dünyası” qəzetinin rəhbərliyi olmaqla, bütün kollektivini 20 illik yubiley münasibətilə təbrik edirəm.




Rəfiqə Şabanova
(Olimpiya çempionu, Monreal-1976)

- Ölkəmizdə idmançıları daim diqqətdə saxlayan və idmanın təbliğatında xüsusi rolu olan belə bir qəzetin olması sevindirici haldır. Həmçinin qəzetin ölkəmizi dünyaya tanıdan Olimpiya çempionlarımıza olan xüsusi diqqəti, karyeramız barədə geniş kütləni məlumatlandırması və bununla da gənc nəsli idmana həvəsləndirməsi təqdirəlayiqdir. İdman aləminin sevimli nəşrinə çevrilən "Olimpiya dünyası” qəzetini təbrik edir, daha da böyük uğurlar əldə etməsini arzulayıram.




Nazim Hüseynov
(Olimpiya çempionu, Barselona-1992)

- "Olimpiya dünyası” qəzeti ilə əlaqəm uzun illərdir davam edir. Yadıma gəlir ki, Afina-2004 Yay Olimpiya Oyunları ərəfəsində maraqlı bir müsabiqə elan etmişdi. Həmin müsabiqədə mənimlə yanaşı, bir sıra idmançıların uşaqlıq şəkilləri paylaşılmışdı. Şəkilləri doğru tapan oxuculara mükafatlar verilirdi. Səhv etmirəmsə, elə qəzetinizlə ilk dəfə yaxından tanışlığım da bu illərə təsadüf edir. Fəaliyyətiniz dövründə haqqımda bir sıra maraqlı yazılar hazırlamısınız. Bunun üçün rəhbərliyinizə və kollektivinizə minnətdarlığımı bildirir və yubileyinizi təbrik edirəm.





Zemfira Meftaxetdinova
(Olimpiya çempionu, Sidney-2000)

- "Olimpiya dünyası” qəzeti ilə illərdir ki, tanışam. Əminliklə deyə bilərəm ki, qəzet nəşr olunan gündən bütün idmançıların sevimli qəzetinə çevrilib. Mən çox şadam ki, ölkəmizdə idmanın hər bir sahəsini əhatə edən, sevərək oxunan belə bir idman qəzeti dərc olunur. Qəzetiniz hər zaman Olimpiya çempionlarını da diqqətdə saxlayır. Bu 20 il ərzində müsahib kimi dəfələrlə qonağınız olmuşam. Sizi ürəkdən təbrik edir və biri-birindən maraqlı müsahibələr və yazılara görə qəzetin rəhbərliyinə və hər bir əməkdaşına minnətdarlığımı bildirirəm.





Namiq Abdullayev
(Olimpiya çempionu, Sidney-2000)

- Hər bir idmançının sevimli nəşri olan qəzetinizin yaradıcı kollektivini yubiley münasibətilə təbrik edirəm. "Olimpiya dünyası” hər birimizin qəzetidir. Bu qəzet ölkəmizdə bütün idman növlərinə, o cümlədən də güləşə öz səhifələrində yer ayırır. İdmançı karyeram ərzində qəzetinizə dəfələrlə müsahibələr vermişəm. Qəzetiniz hər zaman həm yarışdan əvvəl, həm də sonra idmançılardan müsahibələr alır, onları yeni qələbələrə ruhlandırır. Hesab edirəm ki, Azərbaycan idmanı yaşayıb, inkişaf etdikcə, qəzetiniz də bu uğurlardan bəhrələnib uzunömürlü olacaq. Bir daha təbriklər!





Fərid Mansurov
(Olimpiya çempionu, Afina-2004)

- "Olimpiya dünyası” qəzeti bizim üçün doğma və sevimli olan bir idman nəşridir. 20 il ərzində Azərbaycan idmançıları 5 dəfə Olimpiya oyunlarında uğurla çıxış ediblər. Həmin uğurların hər biri "Olimpiya dünyası”nın səhifələrində geniş yer alıb. Olimpiya çempionu olduqdan sonra sevinicimi ilk olaraq sizin qəzetlə bölüşmüşəm. Həmin anları indiyə qədər xatırlayıram. Ümumiyyətlə, sizin vasitənizlə biz idmançıların uğurları ictimaiyyətə çatdırılır. Azərbaycan idmanı yüksəldikcə əldə olunan nailiyyətlərimizi daim "Olimpiya dünyası”nda izləyirik. Sizi təbrik edir və yaradıcılıq uğurları arzulayıram.




Elnur Məmmədli
(Olimpiya çempionu, Pekin-2008)

- "Olimpiya dünyası” qəzetinin ərsəyə gəlməsi uğurlu bir layihədir. Qəzet 20 il ərzində şərəfli bir yol keçib, ölkəmizdə Olimpiya hərəkatının, idmanın təbliğinə layiqli tövhələr verib. İdman sahəsində ən yüksək zirvələri fəth edən çempionlarımız demək olar ki, ilk müsahibələrini "Olimpiya dünyası” qəzetinə veriblər. Sevindirici haldır ki, ölkəmizdə idman sahəsini hərtərəfli işıqlandıran belə bir qəzetimiz var. Sevimli qəzetimizi yubiley münasibəti ilə təbrik edir, yaradıcı kollektivinə uğurlar arzulayıram.




Toğrul Əsgərov
(Olimpiya çempionu, London-2012)

- Bu günlərdə 20 illik yubileyini qeyd edən "Olimpiya dünyası” qəzeti biz idmançıların sevimli nəşridir. Elə bir idmançı və Olimpiya çempionu yoxdur ki, bu qəzeti tanımasın, müsahibə verməsin. Mən London-2012 Yay Olimpiya Oyunların qalibi olanda bu qəzetin əməkdaşları Gəncədə, mənim yaşadığım evdə qonaq olmuşdular. Həmin vaxt qəzetinizdə bu qələbə barədə geniş məqalə çap olunmuşdu. Həmin qəzeti indi də saxlayıram. Yubiley münasibəti ilə qəzetin rəhbərliyini və əməkdaşlarını bir daha təbrik edir, sizə yeni uğurlar arzulayıram.





İlham Zəkiyev,
(İkiqat Paralimpiya çempionu)

- Yadıma gəlir ki, 2003-cü il dünya oyunlarında bürünc medal qazanmaqla Afina Paralimpiya Oyunlarına lisenziya əldə etdim. Elə həmin ildən mənim "Olimpiya dünyası” qəzeti ilə tanışlığım başladı. Məni redaksiyanızda çox gözəl qarşıladılar və bu qələbə xəbəri qəzetinizdə işıqlandırıldı. Həmin vaxtlar saytlar elə də populyar deyildi, əksər məlumatları qəzetlərdən və televiziyalardan əldə edirdik. Çox qısa müddətdə bu informasiya geniş oxucu kütləsinə yayıldı. Təbii ki, iştirak etdiyim yarışlardan sonra da idmansevərlərə mənim haqqımda məlumatlar verildi. 20 yaşını qeyd edən "Olimpiya dünyası” qəzetinin bütün kollektivini təbrik edirəm. Arzu edirəm ki, bol qələbə, zəfər xəbərləri olsun ki, siz də onları yazıb xalqımıza çatdırasınız. 20 yaşınız mübarək!





Niyaməddin Paşayev,
(Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti)

- Peşəkar kollektiviniz Azərbaycanın idman həyatını daim diqqətdə saxlayır, beynəlaxalq arenalarda baş verən idman hadisələri haqqında dolğun məqalələr hazırlayır. Bu baxımdan qəzetinizin məqsədyönlü fəaliyyəti həmişə yüksək qiymətləndirilib. 20 ildir ki, fəaliyyət göstərən qəzet öz nüfuzunu bu gün də qoruyub saxlayır və idman mətbuatında aparıcı yerlərdən birini tutur. Öz liderlik keyfiyyətləri ilə seçilən qəzetinizə yeni uğurlar diləyirəm.





Azərbaycan idmanının və idmançısının təbliğatı, tanıtdırılması və bu sahədə baş verən proseslərin, keçirilən yarışların operativ qaydada işıqlandırılması istiqamətində "Olimpiya dünyası” qəzetinin gördüyü işlər əvəzsizdir. 20 il ərzində ölkədə idmanının bütün sahələrini işıqlandıran mətbuat orqanının fəaliyyətini yüksək qiymətləndiririk. Xüsusən olimpiadalarda yarışların yerindəcə izlənilməsi və ictimaiyyətə çatdırılması bu qəzeti xüsusilə önə çıxaran amillərdən biridir. Təbii ki, bütün bunların arxasında gərgin əmək, işə sevgiylə yanaşma və böyük zəhmət dayanır. Azərbaycan Güləş Federasiyası olaraq 20 yaşını qeyd edən "Olimpiya dünyası” qəzetinin bütün kollektivini təbrik edir və neçə-neçə yubileylər keçirmələrini arzulayırıq.

 

Azərbaycan Güləş Federasiyası





Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan "Olimpiya dünyası” qəzeti Azərbaycan idmanının təbliğatında daim mühüm rol oynayıb. 20 il əvvəl ilk sayı nəşr olunan qəzet böyük peşəkarlıq yolu keçib. İdmanımızın işıqlandırılmasında əsas mətbu orqanlardan sayılan qəzet bu illər ərzində çoxsaylı oxucuların sevimlisinə çevrilib. "Olimpiya dünyası” qəzetinin 20 illik yubileyi münasibəti ilə rəhbərliyinizi və yaradıcı kollektivinizi səmimi qəlbdən təbrik edirik. Sizə bu çətin və şərəfli yolda uğurlar arzulayırıq.
 

Azərbaycan Cüdo Federasiyası





Azərbaycan Boks Federasiyasının kollektivi adından "Olimpiya dünyası” qəzetini 20 illik yubileyi münasibətilə təbrik edirik. Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan nəşr sözün həqiqi mənasında ölkə idman mətbuatına yeni nəfəs gətirib. "Olimpiya dünyası”nın yarandığı gündən təkcə populyar növləri deyil, bütün idman növlərini diqqətdə saxlaması alqışalayiqdir. Bu o deməkdir ki, nəşr daha böyük kütlənin maariflənməsində müstəsna rol oynayır. Həmçinin qələbə xəbərləri ilə yanaşı, maddi-texniki bazanın güclənməsini gündəmə çevirməyinizi uğurlarınız sırasına əlavə etmək olar. Biz də boks ailəsi olaraq qəzetin hər bir sayını oxuyur, maraqlı rubrikalar altındakı yazıların əməkdaşlarımız arasında müzakirə olunduğunu fəxrlə deyə bilərək. "Olimpiya dünyası” yalnız yazıları ilə deyil, üslub və yenilikləri ilə də daim gündəmdə qalmağı bacarıb. Hazırda elektron KİV-lərin daha populyar olmasını nəzərə alsaq, qəzeti 20 il qoruyub saxlamaq heç də asan deyil. Təbii ki, bunda qəzetin rəhbərliyinin və kollektivin əməyi danılmazdır. 20 il tarix baxımından kiçik görünsə də, bir nəşr üçün böyük tarixdir. Qəzetdə Azərbaycanın idman nailiyyətləri, Olimpiya hərəkatı ilə bərabər 44 günlük Vətən Müharibəsindəki zəfərimiz haqqında da yazıların dərc edilməsindən böyük xoşbəxtlik ola bilməz. Bir daha boks ailəsi adından "Olimpiya dünyası”nın kollektivinə yaradıcılıq uğurları, qələbə xəbərlərinin bol olmasını arzu edirik.

Azərbaycan Boks Federasiyası





"Olimpiya dünyası” qəzeti Azərbaycanın idman mətbuatında xüsusi mövqeyə malikdir. 20 illik yubileyini qeyd edən qəzet fəaliyyət göstərdiyi bu dövr ərzində idmançılarımızın əldə etdikləri nailiyyətləri Azərbaycan idmansevərlərinin diqqətinə çatdırmaqla yanaşı, idman tariximizin etibarlı mənbə rolunu da öz üzərinə götürüb. "Olimpiya dünyası” qəzeti Azərbaycanda idmanın və Olimpiya hərəkatının geniş vüsət almağa başladığı dövrdə başlayıb və ölkəmizin idman həyatının aynası olub. Qəzet təkcə idmanın təbliğatında deyil, eyni zamanda idman jurnalistikasının inkişafında, bədən tərbiyəsinin kütləviləşməsində xüsusi rol oynayıb. İnanıraq ki, artıq 20 illik yubileyini qeyd edən qəzet bundan sonra da ölkəmizdə idman təbliği funksiyanı yüksək səviyyədə davam etdirəcək. Yubiley münasibətilə qəzetin kollektivini təbrik edir, yeni-yeni qələbələr xəbərini çatdırmalarını arzu edirəm.
 

Elxan Məmmədov,
AFFA-nın icraçı vitse-prezidenti





Bakı şəhər Gənclər və İdman Baş İdarəsi paytaxt gəncləri və idman ictimaiyyəti adından "Olimpiya dünyası”nın 20 illik yubileyi münasibətilə qəzetin rəhbərliyini və bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayır.
1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə idman daha sürətlə inkişaf etməyə başladı. Belə bir vaxtda idman sahəsində əldə olunmuş nailiyyətləri işıqlandırmaq və Olimpiya hərəkatını təbliğ etmək üçün yeni bir nəşrə ehtiyac duyulurdu. Məhz belə bir vaxtda "Olimpiya dünyası” qəzeti təsis edildi. 2001-ci il noyabrın 27-də qəzetin ilk sayının işıq üzü gördüyü gündən bu günə qədər bu qəzet idman və kütləvi bədən tərbiyəsində gedən prosesləri, baş verən hadisələri diqqətlə izləməklə yanaşı, Azərbaycanda idmanın və Olimpiya hərəkatının təbliğinə və inkişafına yorulmadan öz töhfələrini vermişdir. İdman dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin təbliği müstəsna məsuliyyətli məsələdir. Bu gün boyük oxucu kütləsi qəzetinizin hər bir sayını maraqla oxuyur, Azərbaycanın idman ictimaiyyəti tərəfindən həvəslə qarşılanır. Qəzet həmçinin jurnalistikamızın ənənələrinə sadiqliyi ilə də öncüllərdəndir. Bu isə "Olimpiya dünyası”nın rəhbərliyinin öz işinə məsuliyyətlə yanaşmasının, formalaşdırdığı işgüzar kollektivin də eyni keyfiyyətlərin daşıyıcısı olduğunun bariz göstəricisidir.
Bir daha bu əlamətdar hadisə münasibəti ilə "Olimpiya dünyası”nı təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

 

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi





Ölkəmizdə idman sahəsində ixtisaslaşmış mətbu orqanlar arasında özünəməxsus yeri və dəsti-xətti olan "Olimpiya dünyası” qəzeti 20 illik fəaliyyətində böyük uğurlar qazanıb. Qəzet idmanın kütləviliyini təbliğ etməklə yanaşı, təmiz idman dəyərlərinin qorunmasını, idmanda ədalət prinsipini, dürüst idmançıların təbliğini də diqqətdə saxlayır. "Olimpiya dünyası” qəzeti idman sahəsində baş verən hadisələr və yeniliklərlə bağlı xəbərləri ilə bərabər peşəkar araşdırmaları ilə də geniş oxucu kütləsinin rəğbətini qazanıb. Bu mətbu orqan eyni zamanda idman qurumları ilə səmərəli əmkdaşlıq edir. Daim bizimlə sıx əməkdaşlıq edərək antidopinq təbliğatına töhfə verdiyinə görə də "Olimpiya dünyası” qəzetinin kollektivinə xüsusi təşəkkür edirəm. Qəzetin 20 illik yubileyi münasibəti ilə bütün kollektivi ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
 

Şəfəq Hüseynli,
Azərbaycan Milli Antidopinq
Agentliyinin direktoru




 

"Olimpiya dünyası” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist Murad Fərzəliyevə:

Dəyərli həmkarım!
İlk gündən rəhbərlik etdiyiniz "Olimpiya dünyası” qəzetinin 20 illiyini qeyd etdiyimiz bu günlərdə redaksiyanızın uğurlarına sevinirik. Ötən 20 il ərzində qəzetin keçdiyi yol idmanımızın olimpiya zirvəsinə yüksəlişinə şahidlik edib, idmançılarımızın uğurları barədə xəbərləri öz oxucularına çatdırıb, olimpizmin güzgüsünə çevrilə bilib.
"Olimpiya dünyası” qəzeti ölkə mediasında özünəməxsus dəst-xətti olan, maraqla oxunan və idman ictimaiyyətinin sevimlisinə çevrilən mətbuat orqanıdır.
20 illik yubileyiniz münasibətilə Sizi və kollektivinizi təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

 

Qabil Mehdiyev,
Əməkdar jurnalist, Gənclər və İdman
Nazirliyinin mətbuat katibi, Azərbaycan
İdman Jurnalistləri Federasiyasının prezidenti





Azərbaycan idman ölkəsidir. Hər il onlarla, yüzlərlə idmançımız beynəlxalq yarışlarda qələbələr qazanaraq bayrağımızı yüksəldir, himnimizin səslənməsinə nail olurlar. Onlar mübarizə meydanlarında uğurlar qazanmaqla Azərbaycanın adını dünyaya tanıdırsa, media nümayəndələrimiz də öz fəaliyyətlərində böyük təbliğat işi apararaq, bu işə dəstək olurlar. Bu baxımdan, "Olimpiya dünyası” qəzetinin rolu danılmazdır.
2001-ci ilin noyabr ayının 27-də ilk sayı işıq üzü görən "Olimpiya dünyası” nəşri Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olaraq, öz səmərəli, çevik və peşəkar fəaliyyəti nəticəsində Azərbaycanın ən çox oxunan idman qəzetlərindən birinə çevrilməyi bacarıb. Qəzet öz səhifələrində Milli Olimpiya Komitəsinin, AOK və BOK-un işindəki yeniliklərə, həm ölkədaxili, həm də beynəlxalq aləmdə baş verən idman hadisələrinə, ölkə atletlərinin beynəlxalq yarışlardakı çıxışlarına geniş yer verir, idmanın inkişafında dəyərli xidmətləri olanlar, eləcə də tanınmış məşqçi və idmançılar haqqında maraqlı materiallara çap edir.
20 illik yubileyini qeyd edən qəzetin kollektivi Azərbaycanda idmanın, Olimpiya hərəkatının təbliği ilə yanaşı, ölkədə idman jurnalistikasının formalaşmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, həm qəzet özü, həm də redaksiya əməkdaşları bir çox mükafatlara layiq görülüblər.
"Olimpiya dünyası” qəzeti ağır atletika idman növündə baş verən hadisələri, uğurlarımızı daima operativ və geniş işıqlandırıb. Mütəmadi müsahibə və açıqlamalar, analitik yazılar, xəbərlər vasitəsilə təbliğat aparan bu nəşrin əməyini qeyd etmək lazımdır. "Olimpiya dünyası” qəzeti ölkə ağır atletikasının dəyərli media tərəfdaşı və dostudur. Biz hər sayı diqqətlə oxuyur, heç bir məqamı diqqətdən qaçırmamağa çalışırıq.
Böyük dəyər verdiyimiz "Olimpiya dünyası” qəzetinin rəhbərliyi və kollektivini 20 yaşı münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Əminik ki, siz bundan sonra da zirvələri fəth etməkdə davam edəcək, Azərbaycan idmanının ən böyük uğurlarını işıqlandıracaqsınız. Bir daha təbriklər!

 

Azərbaycan Ağır Atletika
Federasiyası





İyirmi il əvvəl Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan "Olimpiya dünyası " qəzetinin ilk sayı işıq üzü gördü. Bu münasibətlə qəzetin rəhbərliyini və bütün əməkdaşlarını Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi və voleybol ictimaiyyəti adından ürəkdən təbrik edirik.
2001-ci ilin noyabr ayında qəzetin ilk sayının işıq üzü gördüyü gündən bu günə qədər bu qəzet idman və Olimpiya hərəkatı sahəsində gedən prosesləri, baş verən hadisələri diqqətlə izləməklə yanaşı, ölkədə keçirilən beynəlxalq yarışlar, Olimpiya hərəkatı kimi məsələlərə həssaslıqla yanaşmışdır. Bu gün boyük oxucu kütləsi qəzetinizin demək olar ki, hər bir sayını maraqla oxuyur.
Uzun illərdir ki, Azərbaycan Voleybol Federasiyası və "Olimpiya dünyası” qəzeti arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Belə ki, tərəfimizdən keçirilən bütün tədbirlər, yarışlar qəzetinizdə geniş işıqlandırılır.
Qəzetin rəhbərliyini və kollektivini bir daha 20 illik yubiley münasibəti ilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

 

Azərbaycan Voleybol
Federasiyası



 

"Olimpiya dünyası” qəzetinin redaksiyasına

Əziz "Olimpiya dünyası” qəzetinin heyəti,
Sizi qəzetinizin 20 yaşı - yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram. Müstəqil Azərbaycan idman mətbuatının keçdiyi yolu xarakterizə edərkən ağıla gələn ilk qəzetlərdən biri məhz "Olimpiya dünyası”dır. Olimpiya hərəkatının bütün dövrlərində gördüyünüz işlər təqdirəlayiqdir. Danılmaz faktdır ki, yarandığınız ilk vaxtdan qəzetiniz ölkə idmanında mühüm rol oynayıb. Ürəkdən inanırıq ki, 20 ildə olduğu kimi, bundan sonra da qəzetiniz xalqımızı müxtəlif yarışlardan, Olimpiya Oyunlarından operativ məlumatlar verməklə sevindirəcək. Bütün əməkdaşlarınızı Peşəkar Futbol Liqası adından təbrik edir və uzun illər fəaliyyət göstərməyinizi arzu edirəm.

Ramin Musayev,
Peşəkar Futbol Liqasının prezidenti




Bu gün "Olimpiya dünyası” qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 20 il keçir. Yarandığı gündən maraqlı rubrikaları və dolğun məlumatları ilə seçilən bu nəşr hər bir idmançının sevimli qəzetinə çevrilib. "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin "Olimpiya dünyası” qəzeti ilə sıx əlaqələri var. Hər zaman cəmiyyətimizin idmançılarının əldə etdikləri nailiyyətləri daim diqqət mərkəzində saxlayırsınız. Bunun üçün sizə təşəkkürümü bildirirəm. 20 illik yubileyinizi təbrik edir, kollektivinizə uğurlar diləyirəm. İnanıram ki, idmançılarımızın ən sevimli qəzeti olaraq, ölkəmizdə idmanın və Olimpiya hərəkatının təbliğini böyük uğurla davam etdirəcəksiniz.
 

Fazil Hadıbəyov,
"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti
İctimai Birliyinin sədri




Müstəqillik əldə edildikdən sonra hər bir sahədə olduğu kimi, idmanda da böyük yüksəliş dövrü başladı. Beynəlxalq miqyaslı yarışlarda əldə olunan nailiyyətlər günü gündən artdı. Azərbaycan atletləri iştirak etdikləri hər bir yarışda mükafatlar qazandılar. Dünya, Avropa və Olimpiya oyunlarında əldə olunan nailiyyətlər xalqımız sevindirdi. Əldə olunan nailiyyətlərin təbliğində KİV nümayəndələrinin rolunu xüsusi qeyd etmək olar. İdman qəzetləri arasında özünəməxsus dəsti-xətti olan "Olimpiya dünyası” bu işdə böyük pay sahibi oldu. 20 illik fəaliyyəti dövründə bu qəzet Azərbaycan oxucusuna əldə olunan nailiyyətlərlə bağlı məlumatlar çatdırıb. "Olimpiya dünyası” öz səmərəli fəaliyyəti ilə ölkəmizdə idmanın və Olimpiya hərəkatının təbliğinə xidmət edir.
Şübhəsiz ki, bu işdə peşəkar kollektivin xüsusi əməyi var. İnanırıq ki, Azərbaycanın idman uğurları artdıqca, "Olimpiya dünyası” qəzeti də bu nailiyyətləri bundan sonra da uzun illər boyu təbliğ etməkdə davam edəcək.
Qəzetin baş redaktoru başda olmaqla, bütün yaradıcı kollektivi təbrik edirəm. Arzu edirəm ki, qəzetiniz hər zaman belə maraqlı və yüksək səviyyədə nəşr olunsun.

 

Cəfər Hümbətov,
Əməkdar bədən tərbiyəsi və idman xadimi,
Respublika Yüksək İdman Ustalığı
məktəbinin direktoru





Azərbaycan Respublikası Milli Karate Federasiyası "Olimpiya dünyası” qəzetinin bütün kollektivini yubiley münasibətilə təbrik edir. Amma idman ictimaiyyətinin sevimlisi olan qəzet bu müddət ərzində ölkədə nüfuzlu və sanballı idman nəşri kimi özünü təsdiq edib.
Qəzetinizin jurnalistləri tərəfindən işıqlandırılan ölkənin idman həyatı və Beynəlxalq Olimpiya Hərəkatı haqqında məlumatlar oxucularda daim maraq doğurur. Federasiyamız üçün karate dünyasına yaxından diqqət yetirməyiniz xüsusilə dəyərlidir. Karateyə həsr olunmuş yüksək keyfiyyətli və dərin təhlili yazılara görə qəzetin kollektivinə ürəkdən təşəkkür edirik. Ümid edirəm ki, əməkdaşlığımız gələcəkdə də səmərəli olacaqdır.
Sizə yeni-yeni yaradıclıq uğurları, firavanlıq və əlbəttə ki, çoxsaylı oxucular arzulayıram

 

Yaşar Bəşirov,
Milli Karate Federasiyasının prezidenti





Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan "Olimpiya dünyası” qəzetinin yaranmasından 20 il ötür. Bu xoş fürsətdən istifadə edərək Respublika Olimpiya İdman Liseyinin rəhbərliyi adından Sizi və bütün işgüzar əməkdaşlarınızı səmimi qəlbdən təbrik edirik. 2001-ci il noyabrın 27-də qəzetin ilk sayının işıq üzü gördüyü gündən bu günə qədər, respublikamızın idman həyatını, kütləvi bədən tərbiyəsində gedən prosesləri, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə baş verən idman hadisələri haqqında maraqlı materialları dolğun əks etdirməklə qəzetiniz oxucuların rəğbətini qazanmışdır. Bir daha Sizi və bütün kollektiv üzvlərini Respublika Olimpiya İdman Liseyinin adından təbrik edir və xoş azrularımızı bildiririk.
 

Vitali Rəhimov,
ROİL-in idman işləri üzrə direktor müavini





Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi "Olimpiya dünyası” qəzeti ilə uzun müddətdir davam edən sıx əlaqəni təqdirəlayiq hesab edir. Baş idarə tərəfindən keçirilən bütün tədbirləri qəzetinizdə işıqlandırdığınıza görə Sizə öz dərin təşəkkürümüzü bildiririk. Qəzetin 20 illik yubileyi münasibətilə dəyərli kollektivini təbrik edir, sizə işlərinizdə uğurlar arzu edirik.
 

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi