““Olimpiya dünyası” qəzetindən etibarlı mənbə kimi istifadə edirəm”

““Olimpiya dünyası” qəzetindən etibarlı mənbə kimi istifadə edirəm”


Müstəqillik əldə edildikdən sonra hər bir sahədə olduğu kimi, idmanda da böyük yüksəliş dövrü başladı. Beynəlxalq miqyaslı yarışlarda əldə olunan nailiyyətlər günü-gündən artmağa başladı. Dünya, Avropa çempionatlarında və Olimpiya oyunlarında əldə olunan nailiyyətlər xalqımızı sevindirdi. Əldə olunan nailiyyətlərin təbliğində KİV nümayəndələrinin rolunu xüsusi qeyd etmək olar.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, saytlar fəaliyyət göstərir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib.
İdman qəzetləri arasında özünəməxsus dəsti-xətti olan “Olimpiya dünyası” bu işdə böyük pay sahibidir. Bu qəzet 20 illik fəaliyyəti dövründə idman və Olimpiya hərəkatı ilə bağlı Azərbaycan oxucusuna səhih məlumatlar çatdırıb. “Olimpiya dünyası” öz səmərəli fəaliyyəti ilə ölkəmizdə idmanın və Olimpiya hərəkatının təbliğinə xidmət edir. Şübhəsiz ki, bu işdə peşəkar kollektivin xüsusi əməyi var. Milli Olimpiya Komitəsinin təsis etdiyi bu qəzet daim diqqət mərkəzindədir.


 

“Qəzetin kollektivi öz işini günün
tələbləri səviyyəsində

qurmağı bacarır”


“Olimpiya dünyası” qəzeti 2001-ci il noyabrın ayının 27-də nəşrə başlayıb. İlk gündən ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişafını peşəkarlıqla təbliğ edib. Qəzet yarandığı gündən etibarən idmançılarımızın əldə etdiyi uğurların və nailiyyətlərin ictimaiyyətə çatdırılmasında uğurla fəaliyyət göstərir. Ölkənin federasiya, klub və cəmiyyətləri ilə sıx əlaqə yaradan qəzetin kollektivi öz işini günün tələbləri səviyyəsində qurmağı bacarır. Bu mətbuat orqanını digər idman nəşrlərindən fərqləndirən başlıca cəhət isə Olimpiya və qeyri-Olimpiya növlərinə fərq qoymadan bütün idman növlərini bərabər səviyyədə işıqlandırmasıdır.
“Olimpiya dünyası” qəzeti 20 il ərzində idmanın təbliği ilə yanaşı, müxtəlif tədbirlərin keçirilməsinə də xüsusi önəm verib. Müxtəlif layihələrin həyata keçirilməsinə nail olan “Olimpiya dünyası” qəzeti bir sıra ölkədaxili və beynəlxalq miqyaslı yarışların, eləcə də mədəniyyət tədbirlərinin təşkilatçısı olub.

Ölkəmizdə idman sahəsində baş verən yenilikləri, böyük idmanda təmsilçilərimizin əldə etdikləri uğurları, bu sahənin inkişaf perspektivlərini daim diqqətdə saxlayan “Olimpiya dünyası” qəzeti bədən tərbiyəsi və idmanın kütləvi xarakter alması üçün təbliğat və təşviqat işlərini uğurla davam etdirir. Belə ki, qəzetimiz insanların sağlamlıqlarının qorunmasında, onların asudə vaxtlarının təşkilində önəmli rol oynayan bədən tərbiyəsi və idmanın cəzaçəkmə müəssisələrində də təbliğinə xüsusi diqqət yetirib.
Milli Olimpiya Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında “Cəzaçəkmə müəssisələrində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, idmana maraqlarının artırılması və vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə birgə görüləcək işlərə dair” müqavilə imzalanıb. Bu müqavilədə əksini tapan tədbirlər planına əsasən ayrı-ayrı cəzaçəkmə müəssisələrində görüşlər təşkil edilib. Belə tədbirlərdə tanınmış idmançılarımız və idman rəsmiləri məhbuslarla görüşərək, onlara mənəvi dəstək veriblər.


 

“Nüfuz və
keyfiyyətə görə” mükafatlanan
idman nəşri


“Olimpiya dünyası” qəzeti həmişə tələbkar oxucuların zövqünü oxşamağa, onları maraqlandıran, narahat edən məsələlərdən söz açmağa, bir sözlə, oxucuların inandığı, etibar etdiyi, hər sayını səbirsizliklə gözlədiyi mətbuat orqanı kimi qazanılan etimadı qoruyub saxlamağa çalışır.
“Olimpiya dünyası”nın fəaliyyəti müvafiq təşkilat və qurumlar tərəfindən daim yüksək qiymətləndirilib. “Olimpiya dünyası” qəzeti ötən illər ərzində bir sıra mükafatlara layiq görülüb. O, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009 və 2010, 2011, 2013-cü illərdə qəzet və jurnallar arasında “İlin ən yaxşı idman nəşri” nominasiyasının qalibi olub.
Beynəlxalq idman təşkilatlarının da diqqət mərkəzində olan “Olimpiya dünyası” İspaniyanın nüfuzlu “Aktualidad” jurnalının təsis etdiyi “Nüfuz və keyfiyyətə görə” adlı beynəlxalq mükafata layiq görülüb. İdman və Olimpiya Hərəkatının təbliği sahəsindəki fəaliyyətinə görə qəzet beynəlxalq idman federasiyaları tərəfindən xüsusi diplomlarla təltif edilib.

“Olimpiya dünyası” qəzetinin ilk abunəçilərindən biriyəm. Etiraf edim ki, yazdığım kitab və monoqrafiyalarda “Olimpiya dünyası” qəzetinin materiallarından etibarlı mənbə kimi istifadə edirəm. Demək istədiyim odur ki, bu qəzet 20 il ərzində oxucuların sevimli idman mətbuatı olub. Qəzetiniz öz səhifələrində günün mühüm idman hadisələrini, yeniliklərini, nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda keçirilən yarışlar barədə oxuculara məlumatlar çatdırır. 20 illik fəaliyyəti dövründə bu nəşr geniş oxucu kütləsi toplayıb. “Olimpiya dünyası” qəzeti müxtəlif mövzuları əhatə edir. Rəngarəng rubrikalar oxucular tərəfindən maraqla qarşılanır. “Olimpiya dünyası” qəzetində mənim müxtəlif publisist mövzularda 100-ə yaxın məqalələrim çap olunub. Qəzet Azərbaycanın müstəqilliyi dövründə keçirilən Olimpiya oyunlarına hazırlıq, idmançıların bu mötəbər yarışlarda iştirakından geniş məlumatlar dərc edib. “Olimpiya dünyası” qəzetinin “Qarabağ Azərbaycandır!” rubrikası altında xüsusi buraxılışları diqqətə layiqdir. İkinci Qarabağ müharibəsində ordu sıralarına könüllü qoşulan və hərbçi kimi vuruşan Azərbaycan idmançılarının ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdəki qəhrəmanlıqları geniş şəkildə işıqlandırılıb. “Olimpiya dünyası” qəzetinin səhifələrində Afina-2004, Pekin-2008, London-2012, Rio-de-Janeyro-2016, Tokio-2020 Yay və Qış Olimpiya oyunlarının hər birinin gedişini geniş işıqlandırmış, Azərbaycan idmanının ən yaxşı nümayəndələrinin oyunlarda çıxışları, qələbə və rekordları haqqında oxucularına ətraflı məlumat vermiş, Yeniyetmələrin Yay Olimpiya oyunları, Avropa Gənclər Yay Olimpiya festivalları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1, 42-ci Ümumdünya Şahmat Olimpiadası və digər mötəbər yarışlar və bir çox mötəbər beynəlxalq tədbirlər yüksək peşəkarlıqla işıqlandırılır. Ölkəmizdə və dünyada baş verən idman hadisələrini oxuculara vaxtında çatdırır. Məhz buna görədir ki, bu qəzet ölkənin idman mətbuatında aparıcı yerlərdən birini tutur. 20 il əvvəl nəşrə başlayan qəzet əvvəlki nüfuzunu bu gün də saxlayıb. Əminik ki, müasir Azərbaycanın idman mətbuatında öz dəst-xətti ilə seçilən “Olimpiya dünyası” qəzeti bundan sonra da peşəkar, mükəmməl və obyektiv materialları ilə media məkanında mövqeyini və nüfuzunu daha da möhkəmləndirəcəkdir. Bu qəzet bütün idmançılar, idmansevərlər kimi, idman akademiyasının professor-müəllim və tələbə heyətinin də sevimli qəzetidir. Tədris ocağımızın idman həyatında baş verən ən kiçik hadisələr belə, qəzetdə öz əksini tapır. “Olimpiya dünyası” qəzetinin mehriban və işgüzar kollektivi var. 20 illik yubileyi münasibətilə qəzetin kollektivini ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.