Taleh Ziyadov: “Badmintonu uşaqlar, xüsusilə qızlar arasında təbliğ etmək lazımdır”

Taleh Ziyadov: “Badmintonu uşaqlar, xüsusilə qızlar arasında təbliğ etmək lazımdır”

“Ölkəmizdə badmintonun təkcə kişilər arasında deyil, qadınlar arasında da inkişaf etdirilməsinə çalışacağıq”.

Bu sözləri dekabrın 8-də Azərbaycan Badminton Federasiyasının prezidenti seçilən Taleh Ziyadov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək olduğunu vurğulayan T.Ziyadov bildirib: “Gənclər və yeniyetmələr idmanın bu növü ilə geniş məşğul olmalıdırlar. Bildiyiniz kimi, Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil olunub. Mən uşaqlıqdan - 11 yaşımdan badmintonla peşəkar şəkildə məşğul olmuşam. Azərbaycanın regionlarında idmanın bu növünün inkişaf etdirilməsi üçün səy göstərəcəyəm”.

T.Ziyadov azərbaycanlı badmintonçuların qarşıdakı Olimpiya Oyunlarına qatılacaqlarına ümidvar olduğunu qeyd edərək deyib: “Olimpiadaya hazırlıq üçün uşaqları 11-12 yaşından yetişdirmək lazımdır. Məşq proseslərini dünya standartlarına uyğunlaşdırmaq və istedadlı gəncləri seçmək lazımdır. Qarşıdakı illərdə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda iştirak etdiklərini görəcəksiniz. 2028-ci il Los-Anceles Olimpiadasında yerli idmançı görə bilərik. Badmintonu uşaqlar, xüsusilə qızlar arasında təbliğ etmək lazımdır”.