İdmanda atılan ilk addım zirvəyə gedən yolun başlanğıcıdır

İdmanda atılan ilk addım zirvəyə gedən yolun başlanğıcıdır

Sağlam həyat tərzi hər bir insanın haqqıdır. Zərərli vərdişlərdən uzaq durmaq üçün ən yaxşı vasitə məhz fiziki tərbiyə və idmanla məşğul olmaqdır.
Azərbaycan idmanı bu gün özünün yüksəliş mərhələsindədir. İdmançılarımız il ərzində müxtəlif yarışlarda uğurla çıxış edərək Vətənə müxtəlif əyarlı medallarla qayıdırlar. Dövlətimiz tərəfindən də idmançılara böyük diqqət və qayğı göstərilir. İdman bu gün ölkəmizdə paytaxtla yanaşı, bölgələrdə də geniş inkişaf mərhələsinə qədəm qoyub. Uşaq və yeniyetmələr müxtəlif idman bölmələrində ayrı-ayrı növlərlə məşğul olurlar. «Olimpiya dünyası» qəzeti hər zaman uşaq idmanının təbliğində özünəməxsusluğu ilə seçilib. Qəzetimizdə vaxtaşırı «Gələcəyin olimpiyaçıları» rubrikası altında idmanda ilk addımlarını atan uşaq və yeniyetmələrdən bəhs edən yazılar dərc olunur. Belə idmançılarımızdan biri də Hüseyn Quluzadədir. 2012-ci il avqustun 28-də Gəncə şəhərində anadan olan Hüseyn idmanın cüdo növü ilə məşğul olur. O, Gülüstan qəsəbəsində yerləşən 14 saylı ümumtəhsil orta məktəbin 4-cü sinif şagirdidir.  Oxuduğu sinifdə müəllimlərinin və yaşıdlarının sevimlisi olan Hüseyn dərsdən sonra «Metallurq» İdman Klubunda cüdo məşqlərində də iştirak edir. Qısa zaman ərzində etimadı doğruldan balaca cüdoçumuz bir sıra yarışlarda qüvvəsini sınayıb. Belə ki, bu ilin avqust ayında Tovuz Olimpiya Kompleksində keçirilən Gənclər və İdman Nazirliyinin yaranmasının 27-ci il dönümünə həsr olunmuş cüdo üzrə keçirilən turnirdə Hüseyn Quluzadə də çıxış edib. O, 2011-2012-ci illər təvəllüdlü uşaqlar arasında 27 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində yer alıb. Bundan başqa, yeniyetmə cüdoçmuz daha bir yarışda iştirak edib. Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş «Metallurq» idman klubunun açıq birinciliyində o, daha uğurlu çıxışı ilə yadda qalıb. 2010-2011-ci illər təvvəlüdlü cüdoçular arasında 30 kq çəki dərəcəsində qüvvəsini sınayan Hüseyn Quluzadə birinci yerə layiq görülüb. Onu qarşıda daha mötəbər yarışlar gözləyir.
Müstəqil Azərbaycanın kifayət qədər titulu idmançıları var. Bu gün idmanda ilk addımlarını atan uşaq və yeniyetmələrimiz məhz həmin idmançıların uğurlarından ruhlanırlar. Hüseyn Quluzadə də belə uşaqlardan biridir. İnanırıq ki, idmanda ilk addımlarını atan balaca Hüseyni də bir gün həmin peşəkar idmançıların sırasında görə biləcəyik. «Olimpiya dünyası» qəzeti olaraq balaca cüdoçumuza gələcək yarışlarda uğurlar arzulayırıq.
 
 

İdmanda atılan ilk addım zirvəyə gedən yolun başlanğıcıdır İdmanda atılan ilk addım zirvəyə gedən yolun başlanğıcıdır İdmanda atılan ilk addım zirvəyə gedən yolun başlanğıcıdır