Qadınlar və kişilər arasında keçirilən cüdo üzrə Azərbaycan kuboku yarışına yekun vurulub. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın sonuncu günündə qadınların mübarizəsində 57 kq, 78 kq və +78 kq, kişilər arasında isə 73 kq, 100 kq və +100 kq çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.
Qadınlar və kişilər arasında Azərbaycan kubokunda ümumi nəticəyə görə “Neftçi” İdman Klubu birinci yerə layiq görülüb. “Atilla” İdman Klubu ikinci, “Təhsil” Uşaq Gənclər İdman Sağlamlıq Mərkəzi (Sumqayıt şəhəri) üçüncü yerə sahib çxıb. Qalib və mükafatçılar diplom, medal və kuboklarla təltif olunublar.
Qeyd edək ki, ölkədə mövcud olan karantin rejimi ilə əlaqədar azarkeşsiz keçirilən yarışda ölkəmizin 52 şəhər və rayonundan 57 qadın və 250 kişi olmaqla, ümumilikdə 307 nəfər cüdoçu iştirak edib.