Dekabrın 10-12-də Bakı klubları arasında U-18 yeniyetmələrin Azərbaycan Cüdo Federasiyası (ACF) kuboku yarışı keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda paytaxtın 39 klubundan 497 yeniyetmə cüdoçu iştirak edib.
Turnirin son günündə - dekabrın 12-də əvvəlcə Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yarışa start verilib. Turnirdə Bakı klubları arasında ümumi hesabda 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin komandası birinci yerə layiq görülüb. İkinci pillədə 1 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, üçüncü yerdə isə “Neftçi” idman klubunun yetirmələri qərarlaşıblar.
Müxtəlif çəki dərəcəsi üzrə oğlan və qızlar arasında keçirilən yarışda qalib və mükafatçılara diplom, medal və kuboklar təqdim olunub.
Turnir koronavirus pandemiyası səbəbindən ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq, azarkeşsiz keçirilib.