Beynəlxalq Görmə Məhdudiyyətli Şəxslərin İdman Assosiasiyasının (IBSA) cüdo üzrə idarə heyətinin yeni tərkibi təsdiqlənib. Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə nailiyyətlərini, Asiya və Avropa regionu üzrə nüfuzunu nəzərə alaraq, yeni heyətdə Avropa üzrə koordinator vəzifəsi “Neftçi” idman klubunun baş meneceri Elmar Babanlıya həvalə edilib. IBSA-nın vitse-prezidenti İlqar Rəhimov cüdo komitəsinin yeni tərkibinə məktub ünvanlayaraq uğurlar arzulayıb və E.Babanlıyla göstərilmiş etimada görə təşəkkürünü bildirib. Daha sonra E.Babanlı ilə görüşən İ.Rəhimov ona tövsiyələrini verib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının təzahürü olaraq ölkəmizin idman xadimləri beynəlxalq təşkilatların rəhbər heyətlərində təmsil olunur, idmanın inkişafında mühüm rol oynayırlar.