Elçin Əliyev: “Düşünürəm ki, birgə səylərlə bir sıra uğurlara imza atacağıq”

Elçin Əliyev: “Düşünürəm ki, birgə səylərlə bir sıra uğurlara imza atacağıq”

Triatlonun inkişafı istiqamətində indiyədək bir sıra işlər görülüb, uğurlar əldə edilib. Azərbaycan Triatlon Federasiyası işini əvvəlki nailiyyətlərin üzərində quracaq. Düzdür, bu, bir qədər çətin olacaq. Amma qarşıya qoyulan hədəflərin öhdəsindən gələcəyimizə inanırıq. Bu sözləri Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti Elçin Əliyev qurumun hesabat-seçki konfransından sonra jurnalistlərə müsahibəsində bildirib.
Azərbaycanda uşaq və gənclərin triatlona böyük maraq göstərdiklərini vurğulayan E.Əliyev bildirib: “Sevindirici haldır ki, ölkəmizdə uşaq və gənclər triatlona böyük maraq göstərirlər. Şübhəsiz ki, federasiya idmanın bu növünün daha da populyarlaşması, kütləviliyinin artırılması istiqamətində işlər görəcək, tədbirlər həyata keçirəcək. Federasiyanın yeni seçilmiş üzvləri triatlon ailəsinin üzvləridir. Onlar problemləri də, gələcək inkişaf imkanlarını da yaxşı bilirlər. Düşünürəm ki, birgə səylərlə bir sıra uğurlara imza atacağıq”.
Federasiya prezidenti vurğulayıb ki, idmanın bu növünü özündə birləşdirən triatlon maliyyə tələb edən idman növü olsa da, təbii ki, burada yeni sponsorlar da olacaq və bu problemlər həllini tapacaq. O, triatlona həvəs göstərənlərin sayının çox olması ilə əlaqədar yarışların təşkili üçün geniş imkanların olduğunu vurğulayıb.