Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, cüdoçu Elmar Qasımov yenidən Azərbaycan milli komandasına qayıdıb. Bununla bağlı məlumatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli təsdiqləyib. O, qeyd edib ki, E.Qasımov yığma ilə birlikdə Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında hazırlığını davam etdirir.
Qeyd edək ki, E.Qasımov həm də 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda gənclər arasında keçirilmiş Avropa çempionatının qalibi olub. İdmançımız 2017-ci ildə dünya çempionatında bürünc, həmin il İslam Həmrəyliyi Oyunlarında gümüş, 2012-ci il və 2014-cü illərdə Avropa çempionatlarında, müvafiq olaraq bürünc və gümüş medal qazanıb. Cüdoçumuz Qran-Pri turnirlərinin qalib və mükafatçısıdır.