Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında boks üzrə dünya birinciliyi davam edir.Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən olimpnews.az-a daxil olan məlumata görə, yarışın ikinci günündə Azərbaycan milli komandasının 5 üzvü rinqə çıxıb. 80 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev türkiyəli Məhəmməd Aydınla dueldən qalib ayrılıb – 3:0 (29:28, 29:28, 29:28). Mehdiyev 1/8 finalda litvalı Amoldas Taraskeviçusla qarşılaşacaq.
Elcan Qafarlı da (48 kq) dünya birinciliyində ilk döyüşünü qələbə ilə başa vurub. Boksçumuz Filippin nümayəndəsi Hipolito Banalı mübarizədən kənarlaşdırıb -3:0. Həmyerlimiz 1/8 finalda avstraliyalı Ceyms Biazli ilə üz-üzə gələcək.
Ümid Rüstəmov da (50 kq) komanda yoldaşlarının uğurunu davam etdirib. Millimizin üzvü Varinder Sinqh üzərində inamlı qələbə qazanıb. Hər 3 hakim Rüstəmovun qələbəsini qeydə alıb – 30:27, 29:28, 30:27. Azərbaycan boksçusu 1/8 finalda macarıstanlı David Kovaçla görüşəcək.
Rövşən Musayev da yarışa qələbə ilə başlayanlar arasındadır. 66 kq çəki dərəcəsindəki təmsilçimiz yeni zelandiyalı Rayan Skeiflə döyüşdə heç bir çətinlik çəkməyib – 30:26, 30:26, 30:27. Musayev 1/8 finalda İrlandiya idmançısı Levis Audli ilə münasibətlərini aydınlaşdıracaq.
Hüseyn Tarverdilinin (70 kq) dünya birinciliyindəki ilk görüşü isə daha əlamətdar olub. O, Ermənistan boksçusu Vardan Kosyan üzərində inamlı qələbə qazanıb – 3:0 (30:27, 30:27, 29:28). Boksçumuzu 1/8 finalda Bosniya və Hersoqovina nümayəndəsi Sandro Poletan gözləyir.
Yarışın ikinci günündə milli komandamızın üzvlərindən yalnız Pərviz Quliyev (57 kq) mübarizəni dayandırıb. Həmyerlimizin özbəkistanlı Boburmirzo Tolibovla döyüşü bərabər keçsə də, hakimlər qələbəni rəqib idmançıya veriblər – 1:2.
Daha sonra mübarizəyə qoşulan 4 boksçumuzdan 3-ü rinqdən qalib ayrılıb. Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə danimarkalı Obaida İraqui üzərində qələbə qazanıb – 3:0 (29:27, 29:28, 29:28). Boksçumuz 1/8 finalda Moldova təmsilçisi Vladislav Tuqui ilə qarşılaşacaq.
Qüdrət Quliyev də (52 kq) dünya birinciliyində 1/8 finala vəsiqə qazanıb. Milli komandamızın üzvü Puerto Riko idmançısı Edvin Qonzalesi mübarizədən kənarlaşdırıb. 3 hakimdən ikisi həmyerlimizin qələbəsini qeydə alıb – 29:28, 28:29, 30:27. Quliyevin növbəti mərhələdəki rəqibi rumıniyalı Marian Ruta olacaq.
İsmayıl Hüseynov da (63 kq) dünya birinciliyinə qələbə ilə başlayıb. Boksçumuz Gürcüstan nümayəndəsi Taras Kandelakini məğlub edib – 30:25, 30:27, 30:27. Azərbaycan boksçusunun 1/8 finaldakı rəqibi belaruslu Mixail Basiakov olub.
Rüfət Hüseynov isə (46 kq) dünya birinciliyindəki ikinci döyüşdə məğlubiyyətlə üzləşib. Millimizin üzvü Ukrayna təmsilçisi Daniel Lapinə uduzub.