Həndbol qədim tarixə malik olan idman növüdür

Həndbol qədim tarixə malik olan idman növüdür

Həndbol qədim keçmişi olan idman növüdür. Antik Yunan ədəbiyyatının nümayəndələrindən biri olan Homer öz əsərlərində bu növə oxşar bir oyunun keçirildiyindən bəhs edib. Bizanslıların “harpaston” adı verdikləri oyun bugünkü həndbolun qədim növü hesab edilir. Orta əsrlərdə yaşamış almaniyalı səyyah və yazıçı Volter öz qeydlərində “top tutmaq” adında bir oyundan danışıb. Bu oolyunun müasir həndbola çox bənzədiyi məlumdur. Həndbol müasir formasını 19-cu əsrdə Danimarkada almışdır. Bununla yanaşı, bu idman növü Avropanın ayrı-ayrı ölkələrində də oynanılırdı. Həndbolun Avropada və dünyada yayılmasında Berlindəki Böyük Alman Bədən Tərbiyəsi Məktəbinin böyük xidmətləri olub. Almaniyada həndbolun populyarlaşması Konrad Koxun adı ilə bağlıdır. O, 1897-ci ildə bu oyunu “rafball” adlandırıb. 1910-cu ildə isə “rafball” İsveçrədə “həndbol” adı ilə əvəz edilib. İlk ölkələrarası həndbol yarışı 1925-ci ildə Almanya və Avstriya arasında keçirilib. Qeyd edək ki, o vaxtlar həndbol komandasında 11 nəfər çıxış edirdi. Bu komandalar öz oyunlarını futbol meydanlarında keçirirdilər. Ölkələrarası Həvəskar Həndbol Federasiyası Quruluşunun ilk konqresi isə 1928-ci ildə Amsterdamda təşkil olunub. Əvvəllər açıq havada keçirilən həndbol 1934-cü ildə Kopenhagendəki İsveç-Danimarka yarışında ilk dəfə bağlı zalda oynanılıb. Bu yarış həmçinin qapalı zalda keçirilən həndbol oyununun başlanğıcını qoyub. Həndbol II Dünya müharibəsindən sonra, Qərbi Avropada çox məşhur olan idman növünə çevrilib. Qeyd edək ki, Beynəlxalq Həndbol Federasiyası (İHF) 1946-cı ildə yaradılıb. 1972-ci ildə Münhen Olimpiadasında hər komanda 7 nəfərdən təşkil olunub. Həndbol idman növü üzrə ilk dünya çempionatı kişilər arasında 1938-ci ildə, qadınlar arasında isə 1949-cu ildə keçirilib. Qeyd edək ki, bu idman hazırda dünyanın 150 ölkəsində oynanılır və hənbolla məşğul olanların sayı 8 milyona yaxındır.

Hazırda həndbol, xüsusilə, Avropa qitəsində daha geniş yayılıb. Ölkəmizdə də bu idman növünə böyük maraq var. Keçmiş SSRİ dövründə Azərbaycan həndbolçuları daim yuxarı pillələrdə qərarlaşıblar. Həndbolçularımızdan Rəfiqə Şabanova və Lyudmila Şubina sovet komandasının sıralarında Olimpiya çempionu titulu qazanıblar. Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli yarışlar artıq ənənə halını alıb. Hələ 2002-ci ilin may ayında beş ölkənin qadınlardan ibarət həndbol komandalarını qarşıladıq. Gürcüstan, Moldova, Yunanıstan, İsrail və Belçika idmançıları Azərbaycan həndbolçularının da qatıldığı ikinci “Challenge Trophy” (“Çağırış kuboku”) turnirində iştirak etmək üçün paytaxtımıza gəlmişdilər. Xatırladaq ki, bu beynəlxalq yarış Avropa Həndbol Federasiyasının (AHF) yığma komandalar arasında təşkil etdiyi iki mühüm turnirlərdən biridir. “Challenge Trophy”yə ilk onluqda təmsil oluna bilməyən, lakin səviyyələrinə görə qitənin güclü komandalarından heç də geri qalmayan komandalar qatılırdılar. Qadınlar arasında 2000-ci ildən etibarən keçirilən bu turnirdə ilk dəfə belçikalılar ev sahibliyi etmiş və yarışın qalibi olmuşdular. Bakıda keçirilmiş bu beynəlxalq yarışda Azərbaycan həndbolçuları turnirin qalibi oldular. Komandamıza qızıl medallar və turnirin fəxri mükafatı verildi. Turnirin sonunda yarışlarda fərqlənən 7 ən yaxşı oyunçu elan olundu. Onlardan dördü- Marina Cəfərova, Səbinə Babayeva, Olqa Polyakova və Nino Sevsevadze Azərbaycan həndbolçuları idi.
Həndbol bir sıra ölkələrdə komanda idman növləri arasında kifayət qədər populyarlığa malikdir. Yuxarıda da qeyd olunduğu kimi, həndbolun ölkəmizdə böyük ənənələri var. Əksər növlər kimi, həndbol da uşaq və gənclərin sevimli idman növlərindən biridir. Bu növün inkişafına, kütləviləşməsinə yönəldilən tədbirlər həndbolumuzun əvvəlki şöhrətini qaytarmağa zəmin yaradır, onu uşaq və gənclər arasında populyarlaşdırır. Azərbaycanın bölgələrində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərində (UGİM) həndbol bölmələri var. Bölgələrdən olan uşaq və gənclər bu növlə həvəslə məşğul olurlar. Mütəxəssislərin fikrincə, uşaq və gənclər arasında həndbolu yüksək səviyyədə inkişaf etdirmək üçün UGİM-lərdə bu idman növünə xüsusi diqqət yetirilməlidir.

 

Anar Əhmədov
 

Həndbol qədim tarixə malik olan idman növüdür Həndbol qədim tarixə malik olan idman növüdür