Aerobika niyə faydalıdır?

Aerobika niyə faydalıdır?

Bu gün paytaxtımızda çox sayda aerobika zallarına rast gəlirik. Əvvəlki illərə nisbətən aerobika ilə məşğul olanların sayı da çoxalıb. Görəsən, aerobikanın insan orqanizminə nə kimi faydası var?
Mütəxəssislər hesab edirlər ki, aerobika ilə məşğul olan zaman əzələlər hərəkət edir. Bu zaman bədəndə maddələr mübadiləsi güclənir və orqanizm enerji ehtiyatını xərcləyir. Hərəkət zamanı bizim qan dövranı sistemimiz daha çox oksigen qəbul edir və bunun nəticəsində bütün orqanizmin işi güclənir və fəallaşır.
Geniş mənada aerobikaya qaçış, yerimə, üzmə, konki, xizək və velosipedsürmə və digər hərəkət aktivliyi daxildir. Aerobik hərəkətlər ürək-damar və nəfəs sisteminin işinin stimullaşdırılmasına səbəb olur. Musiqi sədaları altında yerinə yetirilən müxtəlif hərəkət kompleksləri “aerobika” adı altında birləşir.
Aerobika orqanizmin oksigenə tələbatı və onun təminatı arasında balansın gözlənilməsidir. Onun faydaları isə bundan ibarətdir:
- qanın ümümi həcmi o dərəcədə artır ki, oksigenin dövretmə imkanı güclənir və buna görə də insan gərgin fiziki iş rejimində dözümlülük nümayiş etdirir.
- ağciyərlərin həcmi böyüyür və araşdırmalara görə, bunun nəticəsində uzunömürlülük artır.
- əzələlər möhkəmlənir və qanla daha yaxşı təmin olunur.
- orqanizmdə xolesterinin miqdarı azalır və ateroskleroz xəstəliyinin təhlükəsi azalır.
- sümük sistemi möhkəmlənir.
- fiziki və emosional sarsıntılara qarşı dözümlülük artır.
- iş qabiliyyəti artır.
- arıqlamağa və çəkini normada saxlamağa kömək edir.
Minimum vaxta maksimum fayda verən bir çox aerobika proqramları mövcuddur. Bu nəticələrə nail olmaq üçün həftədə 90 dəqiqə məşq etmək kifayətdir.
Aerobikanın növləri:
- sağlamlaşdırıcı
- tətbiqi aerobika
- idman aerobikası
Sağlamlaşdırıcı aerobika - ən kütləvi məşğul olunan növdür. Fiziki hərəkət və musiqidən ibarət bu proqramların hazırlanmasında müxtəlif növ mütəxəssislər iştirak edirlər.
Sağlamlaşdırıcı aerobikanın kardioraspirator sistemin vəziyyətini sabit saxlayan məşğələsi daha faydalıdır.
İdman aerobikası - bu zaman idmanla məşğul olanlar fasiləsiz və intensiv hərəkət kompleksləri yerinə yetirirlər. Rəqslərin əsasını aerobika üçün ənənəvi olan addımlar və onların növləri təşkil edir.
Tətbiqi aerobika - əsasən başqa idman növləri ilə məşğul olan idmançıların hazirlanmasında, müalicəvi idman zamanı, eləcə də rekreasion tədbrilərdə ( şou proqramlarda və s.) istifadə olunur.
İstənilən aerobik məşqin əsasını yerimə, qaçış, eləcə də güc və elastiklik məşqlərində yerinə yetirilən hərəkətlər təşkil edir. Bəs aerobika ilə necə məşğul olmaq lazımdır?
Hərəkətlərin intensivliyi çox müxtəlif olduğu üçün aerobikanın enerji dəyərini təyin etmək çətindir. Məsələn 1 km-i 4 dəqiqəyə qaçmağın yalnız bir üsulu var. Amma aerobika ilə yan-yana məşğul olan iki qız enerji sərfinə görə kəskin fərqlənə bilər. Hal-hazırda çoxlu effektiv aerobika proqramlarından istifadə olunur. Onların effektini və ya hansının sizin üçün daha yaxşı olmasını təyin etmək üçün yalnız təcrübənizə arxalana bilərsiniz. Ümumiyyətlə, aerobika məşğələsi aşağıdakı mərhələlərdən ibarətdir:
-İsinmə hərəkətləri
-Aerob faza
-Maneəni dəf etmə
-Güc tətbiqi

Əgər bu 4 fazaya dəqiq riayət edilsə, heç bir zədələnmə olmaz. Hər dörd faza üçün vaxta riayət edildikdə ümumi aerobika məşğələsi 40 dəqiqəyə yaxın vaxt aparır. Əgər bu məşğələ sizi maraqlandırsa və xoşunuza gəlsə, bu 40 dəqiqə hiss olunmadan keçəcək. Aerobika ilə məşğul olan zaman rəqs hərəkətlərinin müxtəlifliyini təmin edən aşağıdakı metodlar tətbiq olunur:
1. Musiqili interpretasiya metodu.
2. Çətinləşdirmə metodu.
3. Oxşarlıq metodu.
4. Bloklar metodu.
5. “Kaliforniya tərzi” metodu.
Əsasən, qadınların məşğul olduqları aerobika onlarda sağlamlıq və yaxşı bədən formasının əldə olunmasına kömək edir. Bu isə, öz növbəsində, insanda gözəl əhval-ruhiyyə, ətrafa müsbət enerji yaymaq deməkdir. Növündən asılı olmayaraq, idmanla məşğul olmaq bütün insanlara fiziki və mənəvi sağlamlıq bəxş edir.

Türkay Niftəliyeva