Cüdo üzrə yığma komandalarımızın üzvləri Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yanvarın 9-da start götürən hazırlıq prosesində kişi və qadınlardan ibarət cüdoçularımız ustalıq səviyyələrini artırmağa çalışırlar. Türkiyə, Fransa, Belçika, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan, Gürcüstan və digər ölkələrin iştirak etdiyi təlim-məşq toplanışında 36 cüdoçumuz iştirak edir. Bunlardan 24-ü kişi, 12-si isə qadın cüdoçulardır.
Qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı yanvarın 14-dək davam edəcək.
Xatırladaq ki, böyüklər və gənclərdən ibarət cüdo üzrə yığma komandalarımız sonuncu hazırlığını Göygöl Olimpiya İdman Kompleksində keçib. İlin sonuncu təlim-məşq toplanışında əsasən, Bakı, Sumqayıt, Gəncə və Qəbələdən yaşı 18-dən 31-dək olan cüdoçular iştirak ediblər.
Qeyd edək ki, millimiz yanvarın 28-30-da Portuqaliyanın Odivelas şəhərindəki Qran-pridə, fevralın 5-6-da isə Fransanın paytaxtı Parisdəki “Böyük Dəbilqə” yarışında çıxış edəcək.
Tatami ustalarımız qarşıdakı yarışlara Türkiyədə hazırlaşırlar