Məhkəmə Novak Cokoviçlə bağlı qərarını verdi

Məhkəmə Novak Cokoviçlə bağlı qərarını verdi

Avstraliya federal məhkəməsi serbiyalı tennisçi Novak Cokoviçlə bağlı yekun qərarını açıqlayıb. 35 yaşlı idmançı məhkəmə iddiasını udub. Hakimin sözlərinə görə, N.Cokoviçin vizası əsassız ləğv edilib. Məhkəmə dünyanın bir nömrəli raket ustasının karantin hotelindən buraxılmasına qərar verib. Onun pasportu və şəxsi əşyaları geri qaytarılıb.

Xatırladaq ki, yanvarın 5-də Novak Cokoviçin vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub. Tennisçi Avstraliya açıq çempionatında iştirak etmək üçün Melburna gəlib və bu ölkənin sərhəd xidməti tərəfindən aeroportda saxlanılıb. Tennisçidən ölkəni tərk etmək xahiş olunub.

Qeyd edək ki, məsələ ilə bağlı Avstraliyanın Baş naziri Skott Morrison hamının qanun qarşısında bərabər olduğunu deyərək, heç kəsin qanunlardan üstün olmadığını bildirmişdi.

Serbiya Prezidenti Aleksandr Vuçiç Melburnda karantinə alınan tennisçiyə zəng edərək həmişə onun yanında olduğunu bildirmişdi.

O, hazırda ölkədə sığınacaq axtaranların məskunlaşdığı "The Park Hotel"ə yerləşdirilib.

Avstraliya açıq çempionatı yanvarın 17-dən 30-dək keçiriləcək.

Qeyd edək ki, 34 yaşlı tennisçi “Böyük dəbilqə” turnirlərində 20 qələbə qazanıb. O, 9 dəfə “Australian Open”, 6 dəfə “Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə “Roland Qarros” turnirinin qalibi olub. Onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə ümumilikdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.