MOBİL İSMAYILOV
HEKAYƏ
-Ağlıma qeyri-adi ideya ğəlib,-deyə,Ruslan birbaşa mətləbə keçərək arvadına gözlənilməz bir təklif etdi:
- Dina,vaxtı ilə böyük uğurların olub. İdman aləmində tanınırsan, nüfuzun var.Peşəkar vərdişlərin hələ qalmaqdadır.Gəl, qadın sumo klubu açaq. Bakıda yoxdur. Bu təşəbbüs maraqla qarşılanar, möhtəşəm bir yenilik olar. Təsəvvür etmədiyin diqqət mərkəzinə düşə bilərsən. Cüdo, güləş, ağırlıq qaldırma ilə məşğul olan qadınları qədim yapon idman növü - sumoçu idmançılara çevirib daha da məşhurlaşa bilərsən.
- Ciddi deyirsən, ya məni ələ salırsan? Yoxsa, kökəlib şişman qadın olmağıma işarə vurursan ?
- Zarafat etmirəm. Xeyli vaxtdır ki, bu barədə fikirləşirəm. İndi iş yerindən nə əmək haqqı alırsan ki? Sən Bakının idman tarixində yeni bir səhifə açmış olarsan. Həm də yaxşı pul qazanarıq.
- Bir xüsusi adrenalinim çatışmır. Özü də ideyan kişi işinə aiddir.
... Onların hər ikisinin taleyinə idmançı olmaq qisməti yazılmışdı. Ruslan yerli, Dinara isə gəlmə idmançı idi. Elə Bakıda tanış olub ailə qurmuşdular.Yarışlarda da birgə iştirak etmişdilər.Yüngül atletikanı seçmiş Ruslan beynəlxalq səviyyədə elə də böyük uğurlara imza ata bilməmişdi. Karyerasını başa vurduqdan sonra idman cəmiyyətində menecer kimi çalışırdı. Ağır çəkidə güləşən Dinara isə ərindən fərqli olaraq çoxlu titullar əldə edə bilmişdi. Ardıcıl bir neçə il müxtəlif yarışlarda Azərbaycanın təmsilçisi kimi çıxış edən legioner idmançı Avropa və dünya çempionu adını qazanmağa nail olmuşdu.Ancaq iki dəfə olimpiya oyunlarına qatılsa da, fəxri kürsülərdən kənarda qalmışdı.Buna baxmayaraq idmançı qızın nailiyyətləri layiqincə qiymətləndirilmişdi. O, medalla təltif edilmiş, mənzillə də təmin olunmuşdu. Artıq müəyyən müddət idi ki, Dinara ciddi zədələr və çəkisinin birdən-birə artması səbəbindən peşəkar fəaliyyətinə son qoymuşdu. Daha sonra o da ərinin işlədiyi idman kompleksində məşqçi kimi işə götürülmüşdü.
Son vaxtlar tez-tez legioner məşqçi Bakıda darıxdığını ərindən gizlətmirdi. Hətta mənzili satıb köçmək variantını qaldırsa da, Ruslan razılaşmamışdı.
Dinara rəsmi yarışlardan uzaqlaşdıqdan sonra xeyli kökəlmişdi. Boyu 170sm. olan gənc qadının çəkisi 90 kq. keçmişdi.Sanki hazırkı vəziyyətdə onun bu fiziki göstəriciləri ilə Ruslanın ideyası arasında bir üst-üstə düşmə yaranırdı.
Qısa müddətli tərəddüddən sonra Dinara ərinin təklifi ilə razılaşdı. Ruslan Dinaranı inandırdı ki, Yaponiyada sumonun qadın variantı da mövcuddur. Özü də hələ 18-ci əsrdə yaranıb.Qaydalar da bir qədər fərqli olmaqla əslində həqiqi sumo ilə təxminən oxşardır.
Bundan sonra hər ikisi internet vasitəsi ilə müəyyən məlumat əldə etdilər. Eyni zamanda sumoya aid xüsusi kitabları nəzərdən keçirdilər.Xüsusən klassik yapon sumosunun tarixi onların diqqətini cəlb etdi.Yaponiyada sumo üzrə çempionların az qala milli qəhrəman kimi qəbul olunması ər-arvadı təəccübləndirdi. Hətta imperator da həmişə qaliblərə xüsusi rəğbət bəsləyib. Ər-arvada bəlli oldu ki, hazırda da bu ölkədə ciddi qaydalar çərçivəsində xüsusi məktəblər fəaliyyət göstərir. İdmançılar gün ərzində gərgin məşqlərə vərdiş etməlidirlər. Bununla belə normal istirahətə də vaxt ayrılır.Onlar isti vannalardan yararlanır,məhdudiyyət qoyulmadan müxtəlif qidalarla təmin olunurlar.Amma xüsusi qida rejimlərinə əməl edilməsi şərti ilə.Bu məktəblərdə idmançıların hökmən fərqli saç düzümü olmalıdır.
- Baxmayaraq ki, sənin təklifini qəbul etdim, ancaq sumo ilə Yaponiyada kişilərin məşğul olması yenə də məni düşündürür,- deyə,Dinara sualedici nəzərlərini ərinin üzünə dikdi.
- Elədir, rəsmi turnirlər kişilər arasında keçirilir.Amma əldə etdiyimiz məlumatlardan gördük ki, dünyanın bəzi ölkələrində qadın sumo klubları da vardır.Məsələn, elə qonşu Rusiyanı götürək.Qadın sumosuna bu ölkədə böyük maraq yaranıb.Bundan başqa internetdəlatın Amerikasında,Tailandda,Sinqapurda,İtaliyada,Sofiyada, hətta Batumidə açılmış qadın klublarına rast gəlmişəm. Belə klublarda tez-tez şou-proqramlar təşkil edilir. Reklam çarxlarında da qadın sumoçulara geniş meydan verilir. Buna görə də bu cür klublara tamaşaçı axını getdikcə daha da artır.
- Adlarını çəkdiyin yerləri başa düşdüm. Bəs Bakıda?
- Görəcəksən, burada da alınacaq. Sumo geyimində zalda görünməyini təsəvvür edirəm. Sən salonları tamaşaçı alqışları ilə lərzəyə gətirən ilk sumoçu qadın olacaqsan. Sensasiya yaradacaqsan, şoka düşənləri də eşidəcəksən.Əmin ol ki, səni ağılagəlməz xoşbəxt günlər gözləyir.
Çox keçmədi ki, onlar idman kompleksinin həyətindəki kiçik korpusu arendaya götürüb fəaliyyətə başladılar.Yaratdıqları klubun adını da "sumotori” qoydular. Belə ki, Yaponiyada sumo ilə məşğul olanları sumotori adlandırırlar.
İlk vaxtlar sumoya maraq göstərən gənc qadinlar və qızlar elə də çox deyildi. Lakin tədricən həvəskarların sayı artmağa başladı. Kluba qədəm qoyanlar elə bil kino-filmlərdə təsvir olunan epizodlarla qarşılaşırdı. Hər tərəfdə dolu bədənli gənc xanımlar dayanmadan məşq edirdi.Zalda hərəkətdə olanlar, rinqdə, açıq havada idman tapşırıqlarını yerinə yetirənlər təbəssüm doğuran təəssüratlar yaradırdı. Fərdi proqramla məşğul olanlara da təsadüf edilirdi.Klubun daimi üzvlərinin hamısı silikondan uzaq, təbii kök idmançılar idi. Məşqlərə ümumi rəhbərliyi bir qədər də çəki artırıb əsl sumotoriyə çevrilən Dinara həyata keçirirdi. Növbəti axşamların birində Ruslan sevincli halda arvadına dedi:
- İri qabaritli gənc xanımların toplandığı klubun artıq idman funksionerlərinin, yerli, xarici medianın diqqət dairəsinə düşüb. Məni sorğu-suala tutanlar meydana çıxıb. Müsahibə götürmək, süjet çəkib veriliş hazırlamaq istəyənlər də vardır. Deyəsən, proqnozlarımız təsdiq olunur.
Tezliklə klub birinci çempionatını keçirdi. Rusiyadan, Ukraynadan, Qazaxıstandan, Batumidən də idmançılar çağırılmışdı. Dinara və klub üzvləri arasında fərqlənənlər ilk rəsmi yarışa qatıldılar. Qadınların mübarizəsinə baxmağa gələn tamaşaçılar çox idi. Dinara dəvət olunmuş qonaqları da üstələyərək yarışın çempionu oldu. Bir qədər sonra Moskvada keçirilən turnirdə iştirak edən Dinara burada da müvəffəqiyyət qazandı. Sumonun sirlərinə yiyələnən Dinara bütün rituallara əməl etməyi bacarırdı. Yəni,geyim qaydalarını seçməyi, mübarizədən əvvəl və sonra rinqdəki hərəkətləri, tamaşaçılara təsir göstərməyin öhdəsindən gəlməyi, təsiredici baxışlar və qışqırıq səsləri nümayiş etdirmək kimi zəruri keyfiyyətləri lazımi dərəcədə mənimsəmişdi. Belə ki, sumo döyüşlərində bu amillərin mühüm əhəmiyyət kəsb etməsindən o, kifayət qədər məlumatlı idi. Dinaranın xoşagəlimli üz cizğiləri də yarışlardan, tədbirlərdən sonra ondan avtoqraf istəyən çoxsaylı tamaşaçı qruplarının yaranmasına imkan verirdi. Onunla tanışlığa can atan, onu görüşə dəvət edən şəxslərə və turistlərə də təsadüf olunurdu.Gözlənildiyi kimi qadın sumosunun fanatları artırdı. Getdikcə tamaşaçılar bir daha əmin olurdu ki,qadın sumosunun da öz cazibəsi var və bu idman növünün ehtirasları sanki başqacürdür. Onlar görürdülər ki, bu yarışlarda da həyəcanlı anlar yaşanır, fərqli mübarizə pərəstişkarları öz təsiri altında saxlayır, alınan zövq zalda əyləşənləri möcüzəli bir aləmə aparır. Beləliklə,qadın sumosunun da özünəməxsus gözəlliklərinin olması göz qabağında idi.
Dinara günü-gündən şöhrətlənirdi. Məşhurlaşan sumoçu şou-proqram xarakterli tədbirlərə də qatılmağa başladı.
Bir dəfə Ruslan əlverişli təklif ilə bağlı Dinaraya Sankt-Peterburqdan qonaqların gələcəyini bildirdi. Lakin Dinara ərinin məlumatını könülsüz qəbul etdi.Nəzərdə tutulan gündə Ruslan qonaqları qarşılayıb şəhərkənarı villasına gətirdi. Gələnlər iki nəfər idi. Onlardan birini ər-arvad tanıyırdı. Moskvada keçirilən turnirdə tanışlıqları yaranmışdı. İqor adlı "Şərq-Qərb” əlbəyaxa döyüş klubunun sahibi olan həmin şəxs qadınlar arasında qaydasızdöyüşlər üzrə yarışlarda səriştəli mütəxəssiz kimi ad-san çıxarmışdı.
-Mənimlə gələn dostumu Piterdə demək olar ki, tanımayan yoxdur. Rəşid gecə klublari,restoranlar şəbəkəsinə malikdir. Şəhərdə ən böyük kazino ona məxsusdur- deyə, İqor birgə gəldiyi şəxsi təqdim etdi. Və əlavə etdi ki, sizin müsəlman qardaşınızdır, amma azərbaycamlı deyil.Söhbətləri alinsa, Rəşid bizə sponsorluq edəcəkdir.
Sonra İqor gəlişlərinin məqsədini açıqladı.
-Cənubi Amerikada qadınlar arasında qaydasız döyüş üzrə qeyri-adi yarışlar təşkil olunur. Moskva turnirinin axırıncı qalibi kimi Dinanı okeanın o tayına aparmaq qərarı vermişik. Piterli qızlar keçən səfərimizdə uğursuzluğa məruz qaldılar.Ona görə də bu dəfə Dinanın üzərində dayanmışıq. Cənublu çempiona güvənirik. Düşünürük ki, o,bizim ümidlərimizi doğrulda bilər. Ötən il Boliviyada olmuşduq. Bu dəfə də səfərimizi həmin ölkəyə planlaşdırırıq. Bakılı çempion tək olmayacaq. Heyətə bir neçə idmançı daxil etmişik.
Bayaqdan diqqətlə qulaq asan Dinara cavabını ləngitmədi.
-Əvvəla, mən heç vaxt qaydasız döyüşlərdə iştirak etməmişəm. Bizim klub qadın sumosu ilə məşğul olur. Qızlarımız da indi əsasən şou-proqramlar göstərir. Moskvadakı turnir də əslində şou xarakteri daşıyırdı. Adını çəkdiyiniz ölkədə iştirakçılar şübhəsiz ki, peşəkardırlar. Digər tərəfdən də hər bir halda yarışın ünvanı mənim bilmədiyim sahə,uzaq ölkədir,ora heç kim gəzməyə getmir. Qorxuram ki,sizin gözləntilərinizi reallaşdırmayam.Bir sözlə,mənim üçün çətin olar.
- Sən əla idmançısan, Dina. Videogörüntülərinin hamısına baxmışıq.Keçmişini də nəzərə alsaq, əsl peşəkar sənsən. Qarşında heç kim duruş gətirə bilməz. Turnirin adının qaydasız döyüşlə bağlı olması isə əslində simvolik məna daşıyır. Orada döyüşün bütün növləri qarışır bir-birinə. Kim nəyi bacarırsa, bildiklərini də tətbiq etməyə çalışır. Yəni, necə deyərlər, belə yarışların janrı olmur. Sadəcə sənəbir neçə həftəlik məşqlərlə qaydasız döyüş idman növünün xüsusiyyətlərini mənimsəmək lazım gələcək,vəssalam.
-Yeri gəlmişkən Boliviyada keçirilən turnirlərin fərqli cəhətlərini də bilmək vacibdir,- deyə, Rəşid söhbətə qoşuldu. Bu ölkədə qadınlar arasındakı yarışlar çox populyardır. Döyüşlərdə daha çox 50 yaşdan yuxarı qadınlar iştirak edir. Əlbəttə, bu nisbi amil yerli idmançılara aiddir. Ənənəvi hindu geyimlərində yarışlara qatılan qadınlar elə hindular kimi də döyüşürlər. Onlar yaşlarına uyğun olmayan cəldliklə bir-birinin üzərinə atılır, sanki rinqdə uçurlar. Bəzən elə olur ki, rəqibi bərk itələyib tamaşaçıların üstünə aşırırlar. Elə sumoda olduğu kimi. Bu, artıq tam qələbə sayılır. Amansız, qanlı döyüşlərə də təsadüf edilir. Amma yerli idmançılar istəkli görünsələr də, kortəbii mübarizə aparırlar. Onların əksəriyyəti fəndlərdən xəbərsizdir. Bax, burada bizim Dinanın böyük üstünlüyü yaranacaq. Eyni zamanda şou məzmunlu döyüşlər də təşkil olunur. Təbii ki,proqramları yerində dəqiqləşdirəcəyik.
- Bu tip yarışlar şirkətlərə reklam müqavilələri bağlamağa imkan verir.Ona görə də ortaya böyük pullar qoyulur. Özünü sına, bizim çempion. Xoşbəxtlik açarı artıq sənin əlindədir,- deyə, İqor əlavə etdi.
- Mən fikirləşməliyəm. Qərarımı sabah bildirərəm – deyə, Dinara qayğılı halda cavab verdi.
Ruslan qonaqları otelə yerləşdirib qayıtdıqdan sonra təkliflə bağlı xeyli söhbət etdilər.
-Ruslan, indi bizim hər şeyimiz var. Özü də artıqlaması ilə. Şəhərin mərkəzində təmirli mənzillərimiz, dənizin sahilində villamız, bahalı maşınlarımız. Hətta çətinlik çəkmədən istənilən xarici ölkədə də yaşaya bilərik. Söhbət böyük pullardan getsə də, daha belə layihələrə qoşulmaq istəmirəm. Ümumiyyətlə, aktiv idmandan aralanmaq fikrindəyəm. Yarışlar məni yorub. Bundan sonra rahat həyat yaşamaq arzusundayam. Gəl, gəzib-dolaşaq bu dünyanı. Cənubi Amerikaya da turist kimi gedək.
Arvadının israrla inadkarlıq göstərməsinə baxmayaraqbütün gecəni Ruslan Dinaranı dilə tutub nəhayət, onu yola gətirdi. Sumoçu qadın həvəssiz halda razılaşmağa məcbur oldu.
Bir neçə gündən sonra onlar qonaqlarla Sankt-Peterburqa, oradan da Boliviyaya uçdular.
Turnirə müxtəlif ölkələrdən idmançılar gəlsə də, Cənubi Amerikadan olan qadınlar sayca üstünlük təşkil edirdi.Reqlament,qaydalar təsdiqləndi. Şərtlər belə müəyyənləşdi ki, əvvəlcə idmançılar arasında qarışıq formatda qaydasız döyüş üzrə çempionat keçiriləcək. Daha sonra birinciliyin qalibləri şou-proqram xarakterli nümunəvi yarışlara qoşulmalı olacaqdı.